Unikal.org "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Nəsimi Paşayevin Milli.Az-a müsahibəsin təqdim edir:

- İki həftə əvvəl öz ərizənizlə mayın 31-də vəzifənizdən gedəcəyinizi bildirmişdiniz? O vaxtdan bəri fikriniz dəyişmədi?

- Xeyr, kişinin sözü bir olar. (Gülür - İ.İ)

- Metroda işlədiyiniz bu 4 il 3 ay yadınızda necə qaldı? Buradakı vəzifəniz sizə nə qazandırdı?

- Metroda işlədiyim illər mənə çox şey qazandırdı. İlk növbədə böyük təcrübə verdi. Mən 2004-cü ildən mətbuat xidməti sahəsində işləyirdim. 2014-cü ilədək adi mütəxəssis kimi işləmişəm. 2014-cü ilin əvvəlindən 2018-ci il mayın 31-dək isə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi olmuşam. Burda işlədiyim müddətdə çalışdım ki, əlimdən gəldiyi qədər bacarıqlarımı, potensialımı ortaya qoyum, vicdanla işləyim. Əsas prinsipim ictimaiyyətlə, eyni zamanda mətbuatla açıq ünsiyyət qurmaq, onlara vaxtında məlumatları çatdırmaq idi. Mənə belə gəlir ki, bacardığım qədər bunun öhdəsindən gəldim. maksimum dərəcədə çalışdım ki, işimə vicdanla yanaşım. İkincisi, bu vəzifə mənə çoxlu dost-tanış qazandırdı. Düzdür, mətbuat nümayəndələri ilə 10 ildən çox işləsəm də, bu qədər çox əhatəm, çevrəm yox idi. Burada özümə çox böyük çevrə qazandım. Özümə çox gözəl dostlar qazandım. Ətrafımda yaxşı atmosfer yarada bildim. Ümumilikdə, burada çox şey qazandım.

- Bundan sonra Metropolitenlə əməkdaşlığınız hər hansı formada davam etdirəcəksiniz?

- Metropolitendə belə bir yazılmamış qayda var - Burda bir müddət işləyəndən sonra olursan metropolitençi. Yəni burdan nə qədər aralansan da, heç vaxt tam uzaqlaşa bilmirsən.
Məncə son illər Metropolitendə görülən işlər göz qabağındadır. Çox böyük işlər görülüb. Əgər Metropolitenə qarşı hər hansı haqsızlıq olarsa, bunu edənlərə qarşı sözümü deməyə hər zaman hazıram. Bundan sonra da Metropolitenin rəhbərliyinə, şəxsən Zaur müəllimin ("Bakı Metropoliteni" QSC-nin rəisi Zaur Hüseynov nəzərdə tutulur -İ.İ.) özünə lazım olan bütün köməkliyi göstərəcəm. Nə mənada? Əgər hansı bir neqativ hal, problem olarsa, onu şəxsən Zaur müəllimin özünə çatdırmağa çalışacam. Çünki o, şəxsən neqativləri aradan qaldırmaqda birbaşa maraqlı olan adamdır. Bu baxımdan köməkliyimi hər zaman göstərəcəm.

- Bundan sonra fəaliyyətinizi harada davam etdirəcəyiniz bəllidirmi? Yeni iş təklifləri varmı? Seçim etmisinizmi?

- Yox. Düzünü deyim ki, hazırda hər hansı ciddi təklif yoxdur. Mən artıq 2 həftədir ki, işdən çıxacağımı bəyan eləmişəm. Həmin gündən bugünədək hələ ki, hər hansı ciddi iş təklifi almamışam. Amma açığını desəm, sadəcə gözləyirəm. Əslində, sözün həqiqi mənasında bir müddət istirahətə ehtiyacım var. Amma təbii ki, istirahət insana hər şeyi varmir. Həyat davam edir. Ona görə də işləmək lazımdır. Ona görə də mən də normal bir insan kimi yaxşı bir iş təklifinin olacağını gözləyirəm.

- Siz Metropolitendə şöbə rəisi işlədiyiniz müddətdə jurnalistlərlə yanaşı uşaqların da sevimlisinə çevrilmişdiniz. Müxtəlif sosial layihələrlə, bayramlarda onları daim sevindirirdiniz. Hətta Yeni il bayramlarında uşaqlar üçün "Şaxta Baba" da olurdunuz. Onlar üçün darıxmayacaqsınız? Onlar üçün bundan sonra hansısa formada layihələr həyata keçirməyi düşünürsünüzmü?

- Metropolitendəki son layihəmiz 1 İyun - Uşaqların hüquqlarının müdafiəsi günü ilə bağlı idi. Metro stansiyalarında, qatarlarda verilən bütün anonsların hamısını uşaqların dili ilə səsləndirilir. Baxmayaraq ki, mayın 31-dən sonra rəsmi olaraq Metropolitendə işləməyəcəkdim, amma vicdanla çalışdım ki, bu layihəni də ən yüksək səviyyədə həyata keçirək. Artıq xəbər verildiyi kimi iyunun 1-dən etibarən 3 gün ərzində metroda anonslar uşaqların səsi ilə verilir.
Ümumiyyətlə, uşaqlarla işləmək çox yaxşıdır və mənə çox xoşdur. Onlarla işləmək çox rahat və sevindiricidir. Təbii ki, həm o uşaqlar, həm digər uşaqlar, həm də Metropolitendə çalışdığım sosial layihələrlə bağlı müəyyən hisslər keçirirdim. Amma bütün hallarda işə peşəkar yanaşmaq lazımdır. Bu da bir müddət idi, mərhələ idi. Çalışdıq, işlədik, bitdi. Maksimum dərəcədə əlimdən gələni etməyə çalışdım. lakin bundan sonra önümüzə baxacağıq, yeni layihələr üzərində işləməyə çalışacağıq.

- Əlavə etmək istədiyiniz bir şey varmı?

- Əlavə etmək istədiyim başqa elə bir şey yoxdur. Sadəcə işlədiyim bu müddət ərzində mənə dəstək olan hər kəsə təşəkkür edirəm! Mənim işdən ayrılacağımı biləndə çoxlarından həssas reaksiya gördüm. Narahat olmasınlar. İnşəAllah hər şey yaxşı olacaq. İndiyədək əməkdaşlıq etdiyimiz bütün şəxslərə minnətdarlığımı bildirirəm! Sağ olsunlar!