Cüdo üzrə milli komandanın köməkçi məşqçisi Fərhad Məmmədov istefa verdikdən sonra bəzi qalmaqallar yaşanıb. Federasiya F.Məmmədovla bağlı bəyanat yaysa da, müəyyən reaksiyalar və narazılıqlar oldu. Federasiyanın bəyanatına etiraz edənlər arasında gənclərdən ibarət milli komandanın keçmiş baş məşqçisi, F.Məmmədovun qardaşı Rəşad Məmmədov da oldu.

R.Məmmədovun etriazından sonra federasiyanın məsul işçisi Elnur Əşrəfoğlu bəzi məsələlərlə bağlı açıqlama vermək istədiyini deyib, redaksiyamızın qonağı oldu.

Federasiya rəsmisinin Unikal.org-a verdiyi müsahibəni təqdim edirik:

- Fərhad Məmmədovun cüdo üzrə milli komandadan gedişi və səbəbləri, Rəşad Məmmədovun hadisə ilə bağlı müsahibəsinə aydınlıq gətirmək istədiniz...

- Federasiya rəsmisi olaraq bir faktı qeyd etmək istəyirəm ki, Fərhad Məmmədov bizim milli komandada baş məşqçinin köməkçisi olub. Bu gün köməkçi məşqçi işindən gedirsə, onun bu dərəcə şişirdiləsi mövzu deyil.

- Qalmaqalla gedirsə şişirdilə bilər...

- O, özü bunu qalmaqala çevirir. Kimsə ona bir söz demir. Bu gün milli komandada Fərhad Məmmədovun yetirmələri də var. Mən ümumiyyətlə qısa bir arayış vermək istəyirəm.

2015-ci ildə federasiyaya yeni rəhbərlik gələndən sonra Fərhad Məmmədov həmin dövrdə gənclərdən ibarət milli komandada məşqçi idi. İndiki rəhbərlik milli komandanın cüdoçularının təklifi ilə Peter Zayzenbaxeri baş məşqçi gətirdikdə Fərhad Məmmədovu da onun köməkçisi təyin etdi. Hətta deyərdim ki, Peter Zayzenbaxerin dövründə əsas köməkçi sayılırdı. Bilirsiniz ki, Orxan Səfərov, Rüstəm Orucov, Elmar Qasımov Fərhad Məmmədovun tələbələridir. Yəni, indiki rəhbərik gələnə qədər o əsas milli komandada deyildi. Peter Zayzenbaxer məlum səbəblərə görə komandadan getdi. Bundan sonra milli komanda Fərhad Məmmədova həvalə olundu. Yeni baş məşqçi Ruslan Maşurenko gələndə də onun xəbəri olub. Hətta Fərhad Məmmədov özü rəhbərliyə deyib ki, xarici məşqçini gətirin. Gəlib işini görsün, mən də ona kömək edəcəm. İndi o baş məşqçi ilə anlaşmırsa, qəzetlərin birində "milli komandaya çoban gətiriblər tipli sözlər deməsi düzgün deyil. İlk olaraq onu demək istəyirəm ki, "Çoban olimpiya oyunlarının mükafatçısı ola bilməz. Ruslan Maşurenko cüdoçu kimi Sidney Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Belə çıxır ki, olimpiya oyunlarının qalib və mükafatçıları çobanlardır? Mən bunu demək istəməzdim. Çünki Fərhad Məmmədovun iki tələbəsi də olimpiya oyunlarının mükafatçısıdır. Ən azından hu açıqlamanı verəndə öz idmançılarını da fikirləşməli, onların gələcək karyeraları haqqında düşünməldir. O ki qaldı məşqçi kimi nəyəsə etiraz edirsə ... Bir söz var "arxı hoppanmamış hop deməyək". Gəlin müəyyən yarışları, zamanı gözləyək. Bu gün hansı mötəbər yarış baş tutub və orada fiasko olub ki, Ruslan Maşurenkoya bu dərəcədə etirazımızı bildirək?

- Fərhad Məmmədovun etirazı, Maşurenkonun gündə bir fikrə düşməsi tez-tez plan dəyişdirməsi yönündədir. F.Məmmədov düşünür ki, o komandanı uçuruma aparır. Həmçinin Məmmədov qardaşları bildirib ki, onun məşqçi kimi fəaliyyəti olmayıb.

- Bu qərarı Fərhad Məmmədov və ya Rəşad Məmmədov deyil, federasiya rəhbərliyi verir. Federasiya rəhbərliyi Ruslan Maşurenkonu baş məşqçi, Fərhad Məmmədovu da onun köməkçisi təyin edir. F.Məmmədov əgər baş məşqçi ilə uzlaşmırsa, vəzifəsindən gedirsə, bunu bu dərəcəyə gətirmək məncə düzgün deyil. Onun özü gedib, heç kim uzaqlaşdırmayıb. Sizə bir faktı da deyim ki, Fərhad Məmmədov köməkçi məşqçilər arasında ən yüksək əmək haqqı alanlardan olub.

- Amma Rəşad Məmmədov bununla razı deyil. Qardaşından bu barədə soruşduqda, "müqavilə var, gedin baxın dedi.

- Yenə deyirəm köməkçi məşqçilər arasında ən yüksək məbləği Fərhad Məmmədov alıb. Bunu heç kəs dana bilməz. Deyirlər ki, Fərhad Məmmədovla bağlı federasiyanın yaydığı məlumat yalan, böhtandır. Sizə də deyiblər ki, Peter Zayzenbaxer Ukraynadadır, soruşa bilərsiniz. Bunu Zayzenbaxerden soruşmaq lazım deyil. Bununla bağlı hadisə baş verən yerdə olanlardan da maraqlana bilərsiniz. Deyiblər ki, Zayzenbaxer onu məşqdə ingliscə söyərək, uzaqlaşdırıb.

- Nə deyib? 

- Bu bizə ayıb olar. Fərhad müəllimin özü bunu yaxşı bilir. Bir müddət o məşqlərdən kənarda qaldı. Sonradan federasiyanın təkidi ilə komandaya qaytarılıb.

- Rəşad Məmmədov bizə müsahibəsində buna etiraz etdi...

- Qardaşının etiraz etməsiylə deyil.

Rəşad Məmmədov özü haqda danışanda deyir ki, bilmirəm niyə uzaqlaşdırıblar. Federasiyada saatlarla iclas oldu. O iclas nə üçün idi? 

- Avstriyada nə baş verib?

- İndiki Federasiya rəhbərliyi Rəşad Məmmədovu gənclər üzrə milli komandaya gətirib. Əvvəl yeniyetmələrdə idi. Əgər onlara qarşı qərəz var idisə, bir qardaşı əsas milli komandaya məşqçi, digərini gənclərdən ibarət komandaya baş məşqçi niyə təyin edirdi. Həmin o Rəşad Məmmədov gənclərdən ibarət milli komandada baş məqçisi olanda Avstriyada təlim-məşqdə pis hadisələr baş verdi. Elə insanlar var ki, bu hadisəni danışsam onların şəxsi haəyatında ciddi problemlər baş verər.

- Ad çəkmirsinizsə, deyə bilərsiniz nə məsələdir?

- Avstriyada baş verən hadisə Rəşad Məmmədovun bilavasitə tələbəsi ilə bağlıdır. Ad deməyəcəm, Rəşad Məmmədov da həmin tələbəsinə görə, uzaqlaşdırılıb. Bax, bununla bağlı məsələlər iclasda müzakirə edilib. Avstriyada olan digər idmançılar, məşqçilər öz fikirlərini bildirib. Məsələ tək bununla bitmir. Otelin təqdim etdiyi, özlərinin çəkdiyi video görüntülər də var. Mən sadəcə olaraq ad açıqlamaq istəmirəm. Bu məsələdə tək Rəşad cəzalanmayıb. Qadınlardan ibarət milli komandanın baş məşqçisi də işindən azad olunub. Bir məşqçi də öz qız tələbəsinə görə cəzalanıb. Rəşad Məmmədovun yerinə isə onun yaxın dostu Elçin İsmayılov təyin olunub. Elçin İsmayılov da 3 dəfə Avropa çempionu olub. Məşqçi kimi Nəticələri də göz qabağındadır. Rəşad bu komanda ilə Avropa çempionatının komanda yarışlarını gümüş medalla başa vurmuşdusa, Elçin bir il sonra qızıl medal qazandırdı.

- Rəşad Məmmədovun da dediyi kimi, əgər tələbəyə görə idisə, həmin idmançı niyə uzaqlaşdırılmayıb?

- Rəşad istəyər ki, onun tələbəsi komandadan göndərilsin? Bəli, həmin idmançıya da cəza verildi. Müəyyən müddətlik komandadan kənarlaşdırıldı.

- Maraqlıdır ki, hesabat niyə baş məşqçidən deyil, Fərhad Məmmədovdan soruşulub?

- Nəinki ondan, rəhbərlik hər kəsdən, məşqçilərdən, idmançılardan hər yarışa görə hesabat tələb edir. Əgər Fərhad Məmmədov baş məşqçi ilə uzlaşa bilmirsə, işindən gedirsə, o 3 il ərzində ona göstərilən qayğıya görə federasiyaya minnətdarlığını bildirməli idi. Onun yerinə təyin olunan isə Elxan Məmmdovdur. Elxan Məmmədovu təbrik etməli idi. Daha sonra bildirməli idi ki, "baş məşqçi ilə anlaşa bilmədim və getdim. Federasiyada məşqçilərə, idmançılara göstərilən qayğı göz qabağındadır. Bu qayğını tək Azərbaycan Cüdo Federasiyası deyil, ölkənin dövlət başçısı göstərir. Siz də yaxşı bilirsiniz ki, ölkə başçısı İlham Əliyevin sərəncamları ilə şəxsi məşqçilərə hansı mükafatlar verilir. Eləcə də federasiya mükafatlandırır. O, şəxsi tələbələrinin qazandığı nailiyyətlərə görə, mükafatlarını alıb.

- Amma bəzi idmançılar bəyanatla razılaşmayıb, bu barədə sosial şəbəkədə də paylaşımlar etmişdilər.

- Bu barədə Fərhad Məmmədov qəzetə müsahibə verib. Ona sual verirlər ki, "Bu barədə şəxsi tələbələri nə deyir?. O isə deyir ki, "gedin onların özündən soruşun. Birincisi, müəllim tələbəsini şəxsi intirqalarına qurban verməməlidir. Federasiya bu cür fikirləşir. O, idmançıları bu işə qatmamalıdır. Onlar başlarını aşağı salıb, tatamidə güləşməlidirlər. Dünya çempionatına az vaxt qalmış onların psixologiyasını, ab-havanı pozmaq da düzgün deyil.

- Əgər aparıcı cüdoçular qarşıdakı yarışda istənilən nəticəni verməsə Məmmədovlara haqq veriləcək?

- Bu gün bu nə Fərhad Məmmədovun, nə də Rəşad Məmmədovun səlahiyyətində deyil. Federasiya hər bir uğura da, uğursuzluğa da qiymət verməyi çox gözəl başa düşür. Bu məsələdən sonra baş katib Elmar Babanlı da, mən də onunla görüşüb, məsələni müzakirə edib, düzgün danışmadığını demişik. Bir məsələyə də toxunmaq istəyirəm. Fərhad Məmmədov Ruslan Maşurenkoya etirazını bildirir. Sonrakı açıqlamanı kim verir? Fərhad Məmmədovun qardaşı... Üzr istəyərək bir ifadə işlədim, sabah mənim quyruğumu tapdalasalar, qardaşım, əmim uşaqları, atam mənim haqqımda pis danışacaq? Əlbəttə ki, yox. Bu gün federasiya tərəfindən komandadakılara xüsusi nəzarət olunur. Səbəb isə millidəki məşqçilər tərəfkeşlik etməsin, öz tələbəsini xüsusi olaraq irəli çəkməsinlər. Biz bu prosesi tək məşqçilərdə yox, hakimlərdə də aparırıq.

Aygün İlqarqızı