Tovuz sakini 1994-cü ildən bəri Ermənistan silahlı qüvvələrinin Əlibəyli kəndi istiqamətində atəşkəsi pozmasını tarix, saat və dəqiqəsinə qədər qeyd edir. Kənd sakininin bu maraqlı məşğuliyyəti onun dəftərinə baxanların böyük marağına səbəb olur.

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, 24 ildir ki, düşmənin atəşkəsi pozmasının tarixini və saatını qeyd etmək Tovuz sakininin gündəlik məşğuliyyətinə çevrilib.

Rayonun Əlibəyli kənd sakini 80 yaşlı Paşa Həsənov 1994-cü ildən bəri Ermənistan ordusu tərəfindən kənd istiqamətində atılan güllələrin sayının, atəşin hansı mövqedən açıldığının və atəşkəsin pozulma vaxtlarının qeydiyyatını aparır. O, atəşin nə qədər davam etdiyini izləyərək müvafiq qeydlər edib. Paşa Həsənov inanır ki, bu qeydlər nə vaxtsa lazım olacaq.

Günün hansı saatında olursa-olsun, Ermənistan tərəfindən atəş açılan kimi dəftər-qələmini də götürüb həyətə çıxır, düşmənin təxribatını izləyir və bütün bunları gündəliyinə köçürür. Paşa Həsənov işğalçı dövlətin hansı silahlardan istifadə etdiyini müəyyənləşdirə bilir və bütün bunları qeydiyyat apararkən nəzərə alır.

Köhnə döyüşçü və şəhid atası olan Paşa Həsənovun silahların taktiki-texniki xüsusiyyətlərinə yaxşı bələd olması ona düşmənin açdığı hər bir atəşin təfərrüatlı qeydiyyatını aparmağa imkan verir.

Paşa Həsənov atəşkəsdən sonra Əlibəylidə düşmən gülləsindən ölən və yaralanan dinc sakinlərin də adlarını gündəliyinə qeyd edib.