Xəbər verdiyimiz kimi, azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atan Şəhriyar Məmmədyarov sponsorsuzluqdan gileylənib. 

Sözügedən məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova Unikal.org-a açıqlama verib. 

"Şəhriyar Məmmədyarov adını şahmat tarixinə iri hərflərlə yazdırıb. Qürur hissi duyuruq ki, dünyanın 3 ən yaxşı şahmatçıları arasında Şəhriyarın adı yer alır. Şəhriyar yarışdadır, onları anlayırıq. Ola bilər ki, həyəcan və narahatçılıq onda müəyyən hissləri oyadıb. Bu hisslər də onun belə sözlər yazmağa vadar edib. Nə yazmasından asılı olmayaraq, Şəhriyar bizim üçün önəmli şahmatçılardan biridir. Şəhriyarın yarışlara getməsinə gəldikdə isə Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci ildə təqdim olunan tədbirlər planına əsasən 250 min manat, 2018 ci ildə isə 200 min manat vəsait ayrılıb. Bu da şahmatçıların yarışa getməsi, yol pulu, qidalanması və səfərləri üçün nəzərdə tutulur.

Qeyd edim ki, əlavə xərclər də ödənilib. Heç bir şahmatçı beynəlxalq və yerli turnirlərə öz hesabına qatılmır. Hamısı nazirlik tərəfindən təmin edilir. Bundan sonra da ediləcək.
Qarşıda bizi Batumidə keçiriləcək şahmat üzrə olimpiada gözləyir. Əminik ki, Şəhriyar orada da Azərbaycanı layiqincə təmsil edəcək. Unutmaq lazım deyil ki, cənab prezidentin ən çox diqqət ayırdığı idman növlərindən biri də şahmatdır. Şahmatçıların qarşılanması, onların həyat şəraitinin günbəgün yaxşılaşması üçün cənab prezident tərəfindən hər zaman diqqət ayrılır. Şəhriyara uğurlar arzulayır və onunla qürur hissi duyuruq.