Şağan Olimpiya İdman Kompleksi Birinci Beynəlxalq Döyüş Sənətləri Festivalı turniri keçirilib. Yarışın açılışına Azərbaycan Respublikasının Dövlət himni ilə start verilib.

Unikal.org xəbər verir ki, yarışın təşkilatçısı Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy və Gənclər və İdman Nazirliyi idi.

A.Həsənsoy turnirin açılışını elan edib və hər kəsə uğurlar arzulayıb. O bildirib ki, yarış həm də Bakının azad edilməsinin 100 illiyinə həsr olunub.

Federasiya prezidenti təşkil etdikləri yarışla bağlı danışıb:

"Əslində bu yarışı təşkil edərkən daha çox idmançının qatılacağını düşünürdük. Çünki burada tək mənim rəhbəri olduğum federasiyalara aid idmançılar qatılmayıb. Digər idman növlərindən də idmançılar qatılıb. Muay-Tay, Uşu, Kunq-Fu, Free-fighting (qaydasız döyüş), Taekvondo (İTF) və Alpaqut döyüşləri üzrə yarışlar keçirilib. Amma indi 300-dən çox idmançı iştirak edib.

Qısa zamanda qərar verilib, elan olunub və bu qədər idmançının istirak etməsi yaxşı haldır. Baxış xarakterli yarışdır. İnşallah gələn il daha böyük şəkildə təşkil etməyi plamlaşdırırıq. Ənənəvi şəkildə hər il keçirməyi planlaşdırırıq. Biz bu yarışa digər döyüş növlərinin idmamçılarını da dəvət etmişik. Məqsədimiz döyüş növləri arasında həmrəylik yaratmaqdır".

3 dəfə Avropa çempionu, İslam Həmrəylik Oyunlarının 2qat mükafatçısı Elçin Eminov da baştutan yarışla bağlı fikirlərini bildirib:

"Bizim idmançılar iki klub adına vuruşacaq- Dinamo İC və Arktika idman klubu... Bu yarışda 12 idmançımız var idi.

Güclü idmançılarla təmsil olunuruq. İdmançılarımızın yarısı muay-tayda, digər yarısı isə uşuda bizi təmsil ediblər.

Bu yarışda beynlxalq və respublika çempionatlarının qalibləri iştirak edib. Bu yarış idmançıların təcrübəsinin artması baxımından böyük önəm kəsb edirdi. Bu yarışa qatılmaq üçün İran, Pakistan, Türkiyə kimi ölkələrdən idmançılar gəlmişdi".

Bildirək ki, turnirdə 300-dən çox idmançı iştirak edib.

Hər çəki dərəcəsində olan komandalar arasında qalib yerlər müəyyən edilib. Yer tutan idmançılar müvafiq olaraq medal və qramotalarla mükafatlandırılıb.