Gimnastlarımızın beynəlxalq arenada qazandığı uğurlar göz qabağındadır.Hər il medalların sayı daha da artır. Bu da ölkə başçısının, federasiya rəhbəri Mehriban xanım Əliyevanın gimnastikaya xüsusi diqqət və qayğısının nəticəsidir. 

Unikal.org xəbər verir ki, AGF diqqəti və qayğısı sayəsində bölgələrimizdə də valideynlər övladlarının gimanastika ilə məşğul olması üçün idmana yazdırır. Bu federasiyanın diqqəti sayəsində qızların idmana yazılması, idmanla məşğul olması halları artıb. Hər il olduğu kimi bu il də AGF qazanılan uğurlarla diqqət çəkməyi bacarıb.

Təbii ki, bu da qurumun vitse-prezidenti Altay Həsənovun dediyi kimi mehriban komandanın işidir:"Azərbaycan Gimnastika Federasiyasında mehriban komanda işləyir və bunun sayəsində bir çox tapşırıqları kifayət qədər tez həll edə bilirik.

Millimiz bu ilin ilk medalını Oslo şəhərində (Norveç) bədii gimnastika üzrə "Asker Cup" (12-15 yanvar) adlı beynəlxalq turnirdə qazanıb. Böyüklər arasında çıxış edən Dərya Sorokina komandamızın hesabına medal qazandırıb. O halqa ilə finala çıxışında yalnız Sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.

Digər sevindirici xəbər isə Azərbaycan Gimnastika Federasiyasının birinci olması idi. AGF 4 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən "Mükafatlandırılan Federasiyaların" siyahısına daxil olub. Belə ki, , federasiya 2017-ci il ərzində gimnastikanın 3 növü üzrə Dünya Kuboklarına, FIG-nin bədii gimnastika üzrə Qitələrarası, beynəlxalq, həmçinin kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarına və FIG Şura iclasına yüksək səviyyədə ev sahibliyi etməsi, bunlarla yanaşı FIG-nin tanıdığı gimnastikanın 6 növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı Beynəlxalq Gimnastika Federasiyası tərəfindən dəyərləndirilmiş və AGF ilk pillə ilə mükafatlandırılmışdı.



Növbəti uğur Akrobatlarımızdan gəlib. Fevralın 15-17-i Belçikanın Purs (Antverpen) şəhərində keçirilən akrobatika gimnastikası üzrə "Flanders International Acro Cup adlı beynəlxalq turnirdə Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyümüz ölkəmizi bu yarışda təmsil edərək qızıl medal qazanmışdı.Fevralın 18-21-də Rusiyanın Yaroslavl şəhərində keçirilən batut gimnastikası üzrə Rusiya Kuboku və "Rusiyanın Ümidi-1 adlı Ümumrusiya yarışlarında təmsil olunan komandamız yenə medalısz qalmayıb. Turnirdə Mixail Rusiyalı rəqiblərini geridə qoyaraq, fəxri kürsünün ilk pilləsinə yüksəlib. Həmin yarışda növbəti medalı komandamızın hesabına Bilal Qurbanov yazdırıb və bürünc medala layiq görülüb.

Gimnastlarımız üçün növbəti yarış martda baş tutub. Bədii gimnastika üzrə millimizin üzvləri Riqada (Latviya) baş tutan iki beynəlxalq yarışda iştirak ediblər. Bu yarışda Dərya Farşbafşəhriyari komanda yoldaşı Arzu Cəlilova ilə birgə komanda yarışlarında da medal qazanıb. Bu dəfə qızlarımız fərdi proqramda çıxışlarının ümumi nəticələrinə əsasən bürünc medala layiq görülüblər. Millimizin üzvləri eyni şəhərdə təşkil olunan "Baltic Hoop yarışında da çıxış ediblər. Bu turnirdə böyüklər arasında ölkəmizi təmsil edən Zöhrə Ağamirova gürzlərlə çıxışına görə gümüş medal qazanıb.

Bədii gimnastika üzrə millimizin azyaşlı gimnastları Kiyev şəhərində (Ukrayna) keçirilən beynəlxalq yarışda müxtəlif əyarlı medallar qazanıblar. Onlardan Kamilla Əliyeva iplə hərəkətlərinə görə gümüş medala layiq görülüb. Eyni yaş kateqoriyasında yer alan digər təmsilçimiz Alina Gözəlova isə topla gümüş medal əldə edib. Azyaşlı gimnastımız Məryam Əliyeva da topla hərəkətlərində bütün rəqiblərini geridə qoyaraq, fəxri kürsünün ilk pilləsində qərar tutub. Ayşə Rəcəbli də iplə hərəkətlərinə görə bürünc medala layiq görülüb. 



Ölkəmizdə keçiriln Dünya Kubokunda Azərbaycan gimnastı Marina Nekrasova dayaqlı tullanma hərəkətlərində yalnız əfsanəvi özbək gimnastı Oksana Çusovitinadan geri qalaraq, Dünya Kubokunun gümüş medalına sahiblənmişdi.Bundan əlavə bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Fransanın Tiye şəhərciyində baş tutan ənənəvi Qran-pri yarışlarında çöxnövçülük proqramında bürünc medala sahibləniblər.16 ölkənin iştirak etdiyi turnirdə (24-25 mart) Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Ayşən Bayramova, Zeynəb Hümmətova və Ayna Cəfərovadan ibarət qrupumuzun yekunda hesaba 32.100 xal yazdırmaqla yalnız İtaliya və Ukrayna təmsilçilərindən geri qalaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.

Bu il yeniyetmələrimiz də bizi sevindirməklə uğura imza atıblar.Belə ki, kişi idman gimnastikası üzrə yığma komandamızın təmsilçiləri Anar Həsənov və Aydın Əlizadə Moqilyov şəhərində (Belarus) baş tutan beynəlxalq turnirdə ümumilikdə 5 medal əldə ediblər. Beynəlxalq arenada ilk təcrübələri olmasına baxmayaraq, gimnastlarımız 34 iştirakçı arasında fərqlənməyi bacarıblar.

Varşavada (Polşa) baş tutan "İrina Cup Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının gənc gimnastları Nərminə Səmədova və Nərmin Bayramova hər ikisi gümüş medal qazanıb.

Mart ayında Bakıda İdman Gimnastikası üzrə FIG Dünya Kuboku, AGF Trophy uğurla keçirilib. Apreldə Almaniyanın paytaxtı Berlində keçirilən gənclər arasında beynəlxalq turnirdə yığma komandamız 23 ölkə arasında fərqlənməyi bacarıb.Gənc gimnastımız Səməd Məmmədli iştirak etdiyi 3 final mərhələsinin ikisində yüksək nəticə göstərərək, qızıl medala sahiblənib.

Milli Gimnastika Arenasında baş tutan "AGF Junior Trophy yarışında da gimnastlarımız medalsız qalmayıb, gümüş, bürünc və qızıl medallara sahib olublar.

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanın qrup hərəkətləri komandası halqa ilə tapşırıqların yekununda üçüncü yeri tutub.Aprel ayının sonlarında Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanın qrup hərəkətləri komandası halqa ilə tapşırıqların yekununda üçüncü yeri tutub.
Gimnastika millimiz aprelin son günü də medalsız qalmayıb. İtaliyada (Breşia) keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda millimizin üzvü Selcan Mahsudova fərdi proqramını uğurla yerinə yetirərək, turnirin gümüş medalına sahiblənib.

Bədii gimnastika üzrə millimizin üzvləri İspaniyanın Quadalaxara şəhərində baş tutmuş "Challenge seriyasına aid Dünya Kubokunda (4-6 may) çıxış ediblər.

Ayşən Bayramova, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Doman və Aliyə Paşayevadan ibarət qrup hərəkətləri komandamızın final mərhələsində 3 top - 2 iplə çıxışları onlara turnirin bürünc medalını qazandırıb.

İyun ayında İspaniyanın Quadalaxara şəhərində baş tutmuş bədii gimnastika üzrə Avropa Çempionatında Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası 3 top və 2 lentlə hərəkətlərin finalında bürünc medal qazanıb.



Bu çempionatda fərdi proqramda çıxış edən gənc gimnast Arzu Cəlilova topla hərəkətlərin finalında bürünc medal əldə edib. Bakıda keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarına idman gimnastikası üzrə Avropa ölkələri arasında təsnifat yarışlarında ölkəmiz gimnastika tarixində ilk lisenziyasını sahib olub. Belçikanın Liej şəhərində 1-ci "European Gym for Life Challenge yarışı keçirilib. Bütün iştirakçıların medal qazandığı "Gimnastika hamı üçün idman növünə aid bu yarışda qrupumuz qızıl medal qazanıb. Həmçinin "Best Costume nominasiyasında diploma layiq görülmüşdü.

Sentyabr ayında da gimnastlarımız bir çox uğura imza atıb.Bolqarıstanın Varna şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə (1 - 2 sentyabr) komandamız uğurla təmsil olunub. Belə ki, fərdi proqramda çıxış edən gənc gimnastımız Yelizaveta Luzan lent ilə hərəkətlərə görə hakimlərdən 13.900 xal alaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.Rusiyanın Velikiy Novqorod şəhərində ənənəvi "Zolotov Cup adlı beynəlxalq turnirdə ölkəmizi bu yarışda iki kişi cütlüyü - Seymur Cəfərov və Murad Əkpərov, Daniel Abbasov və Murad Rəfiyev, həmçinin qarışıq cütlüyümüz Abdulla Əl - Məşayxi və Ruhidil Qurbanlı təmsil ediblər. Abdulla və Ruhidil isə 72.590 xalla bürünc medala sahibləniblər.

Azərbaycan Gimnastika Federasiyası təkcə yarışlardan qazanılan medallarla yox, həm də ölkəmizdə təşkil edilən yarışlarla da diqqət çəkib. Bu il Azərbaycan Gimnastika Federasiyası zəngin tədbirlər planı ilə diqqətləri yenidən öz üzərində toplaya bilib. Belə ki, təkcə bu il ölkəmizdə 7 beynəlxalq, mötəbər turnir keçirilib. AGF rəhbərliyi İdman Gimnastikası üzrə Dünya Kuboku (15-18 mart), Batut Gimnastikası, Tamblinq və İkili Mini-Batut üzrə 26-cı Avropa Çempionatı (12-15 aprel), gənc gimnastların iştirak etdiyi "AGF Junior Trophy, bədii gimnastika üzrə Dünya Kuboku yarışı (27-29 aprel), Yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə Təsnifat Yarışları (23 iyun) və "GymBala (18-19 avqust) kimi beynəlxalq turnirlərin ölkəmizdə keçirilməsinə müvəfəq olub.

Bununla kifayətlənməyən federasiya idmansevərləri daha 3 yarışın təşkili ilə də sevindirməyi planlaşdırır.

Elvin Rüstəmov