Dünyanın ən böyük narkotik təşkilatı olan "Sinaloa Kartel"in lideri, "El Çapo" (Cücə) ləqəbli Xoakin Qusman Leora ilk dəfə hakim qarşısına çıxıb.

Unikal.org xəbər verir ki, Nyu Yorkun Bruklin Federal Məhkəməsində təşkil edilən prosesdə Qusman mütəşəkkil cinayətkar dəstə qurmaq, narkotik alış-verişi, çirkli pulları yumaq kimi 17 müxtəlif cinayətdə ittiham edilib.

Ayrlarla davam edəcəyi ehtimal edilən məhkəmə prosesində iştirak edəcək jüri heyətinin üzvləri təzyiq və təhdidlərdən qorunmaq üçün gizli saxlanılır.

61 yaşlı meksikalı narkotik alverçisi 22 aydır Manhettenin cənubunda kiçik, pəncərəsiz bir hücrədə həbs edilib. Haqqındakı ittihamları rədd edən El Çapoya ömür boyu həbs və 14 milyard dollar məbləğində cərimə cəzası tələb edilib.

Qeyd edək ki, "Sinaloa Cartel" 1989-2014-cü illər arasında, təxminən, 200 ton kokaini ABŞ-a göndərib. Əlavə olaraq, muzdlu qatillər tutub və yüzlərlə cinayət, hücum, adam qaçırma və sui-qəsd təşkil edib.

Qusman daha öncə iki dəfə Meksikada yüksək şəkildə qorunan həbsxanadan qaçıb. 2016-cı ildə həbs edilmədən öncə "Rolling Stone" dərgisində meşədə müsahibə verən narkotik lideri qayıqlar, gəmilər, sualtı gəmilər, təyyarələr və yük maşınlarından ibarət böyük bir "ordu"sunun olduğunu etiraf etmişdi.(publika.az)