Son günlər Azərbaycanın bir sıra rayonlarında canavar, tülkü, çaqqal sürülərinin insanlara və ev heyvanlarına hücum edirlər. Xüsusən Lənkəran, Astara rayonunda bu heyvanların hücumu nəticəsində 40-dan çox insan xəsarət alıb. 

Unikal.org-un soruğuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, 2015-ci ildə 16 981 canavar var idisə, son statistik göstəriciyə görə, hazırda bu heyvanların sayı 10031-ə düşüb. 
 
Bununla belə, 2017-ci ilin əvvəlində 22 619 tülkü var idisə, son statistik göstəriciyə görə, bu heyvanların  sayı isə 19 509-a enib.

Yalnız çaqqalların sayında artım qeydə alınıb. Belə ki, 2000-ci ilin sonlarında ölkədə 2931 çaqqal var idisə, son statistik göstəriciyə görə, bunların sayı 48200-ə yüksəlib.

Rəqəmlərdən göründüyü kimi, son iki il ərzində Azərbaycanda tülkülərin sayında 3110, canavarların sayında isə 6950 azalma qeydə alınıb.

Mütəxəssislər bildirir ki, canavar və tülkülərin sayında azalmanın əsas səbəbi onların öldürülməsidir. Belə ki, bu heyvanların hücumlarının qarşısını almaq üçün əksər vaxtlarda canavar və tülkülər insanlar tərəfindən öldürülür. 

Qeyd edək ki, Azərbaycan "Vəhşi təbiətin qorunması konvensiyasına qoşulub və üzərinə öhdəlik götürüb. Bu səbəbdən ölkədə canavar ovu birmənalı şəkildə qadağan edilib. Amma, buna baxmayaraq canavar, tülkü ovuna o halda icazə verilir ki, insan həyatına təhlükə yaratsın, təsərrüfata ziyan vursun. Bu zaman insan özünümüdafiə məqsədi ilə canavarı vura bilər. Yalnız bu halda həmin şəxs cərimə olunmur. Yaxud canavardan ziyan görən şəxs nazirliyin yerli ekologiya idarəsinə müraciət edir. Müraciət əsasında idarə həvəskar ovçular qrupu yaradaraq təsərrüfata və ya insanlara ziyan vurmuş canavarı ovlamaq göstərişi verir.