2018-ci ilin dekabr ayının 4-də Strasburqda Avropa Şurasının insan hüquqlarının qorunması və ədalət mühakiməsi sahəsində ixtisaslaşan ən mötəbər qurumlarından olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Prezidenti vəzifəsinə seçkilər keçirilib.

Unikal.org xəbər verir ki, Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılan seçkilərdə Azərbaycanın təmsilçisi hakim Ramin Qurbanov Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti seçilib.

Məlumat üçün bildirək ki, əvvəlki prezidentlər Qərbi Avropa ölkələrinin - Almaniya, İtaliya, İngiltərə və Avstriyanın nümayəndələri olub. Adətən Qərbi Avropa ölkələri nümayəndələrinin rəhbərlik etdiyi komissiyada Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisinin belə yüksək vəzifəyə seçilməsi əlamətdar bir hadisədir.

Eyni zamanda, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) plenar iclasında ali idaretmə orqanı olan Büronun digər üzvləri - vitse-prezident və iki üzv vəzifələrinə Çexiya, Fransa və Malta ölkələrinin nümayəndələri seçilib.

Ramin Qurbanov 2005-ci ildən Azərbaycanın nümayəndəsi olaraq həmin beynəlxalq qurumda müxtəlif məsul vəzifələrdə çalışıb. O, Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə Komitənin altı ekspertindən biri, Büronun üzvü, sonradan həmin Komissiyanın vitse-prezidenti, habelə Avropa Şurasının İsveçrə, Estoniya, Gürcüstan, Kipr, Slovakiya, Litva, Makedoniya, Moldovaya təşkil edilən monitorinq qruplarının üzvü və rəhbəri olub.

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Avropa Şurasının 47 üzv dövlətinin başçılarının təşəbbüsü ilə yaradılıb və onun əsas məqsədi Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinin icrasının daha səmərəli təmin edilməsi və Avropa ölkələrində məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları, habelə vəkillik institutunun səmərəliliyinin artırılmasından ibarətdir.