Dekabrın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Unikal.org xəbər verir ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasını tərk etmiş qaçqınlar və məcburi köçkünlər də hər zaman ulu öndərin diqqət və qayğısını hiss ediblər. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə ilk dövlət proqramı hazırlanıb və icra edilib.

Qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətini Prezident  İlham Əliyev uğurla davam etdirir. Bu həssas kateqoriyadan olan vətəndaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılmasını və məşğulluğunun artırılmasını təmin edən kompleks tədbirlər müəyyənləşdirilərək həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə  bağlı işlərin sürətləndirilməsinə dair verdiyi tapşırığını şəxsən nəzarətdə saxlayır.

Hazırda Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki "Ümid” qəsəbəsində 300, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi yaxınlığında 810, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisində hər biri 1000 məcburi köçkün ailəsi üçün yeni yaşayış komplekslərinin məskunlaşdırılmasına hazırlıq aparılır. Bu komplekslərin istifadəyə verilməsi ilə son bir il ərzində yeni mənzil və ya evlə təmin olunan məcburi köçkün ailələrinin sayı 5700-ə (təxminən 30 min nəfər) çatacaq. Beləliklə, dövlətimizin diqqət və qayğısı sayəsində mənzil-məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmış məcburi köçkünlərin sayı 300 min nəfərə yaxın (55 min ailə) olacaqdır. Bu istiqamətdə tədbirlər ardıcıl xarakter daşıyır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiram hissi ilə yad edib, məzarı önünə gül düzüblər.