Azərbaycanda xanlıqlar dövründə sakinlərdən qəribə adlar altında vergilər yığılıb. Bu vergilərin ən qəribələri Qarabağ xanlığında tətbiq edilib. Belə ki, xan sarayında şərbət və digər içkiləri hazırlamaq işinə nəzarət edən məmurun xərclərini kəndlilər ödəyirdi.

Unikal.org bildirir ki, tarixçi-alim Əkbər Nəcəf "ölkə.az"a xanlıqlar dövründə tətbiq edilən qəribə vergi növləri barədə məlumat verib.

Dırnaq pulu

Burada dırnaq heyvanın dırnağının dəydiyi otlaq ərazi nəzərdə tutulur. Torpaq sahibləri onlara aid otlaq ərazilərdə otlayan heyvanların sahibindən dırnaq pulu alırdılar. Xanlıq rejiminin vergi növlərindən biri idi. Bu vergi növü XIX əsrdə mövcud olub.

Mirzə pulu

Xanların dəftərxana işlərini, yazı-pozu məsələlərini həll edən, oxumağı və yazmağı bilən məmurlar üçün toplanan pul. Buna "Mirzəyana" adı verilirdi. Mirzələr və bir ölçüdə müəllimlər xərcini belə qarşılayırdılar.

Şirə pulu

Bəzi bölgələrdə xanlar içdikləri şirə və şərbətin xərcini xalqdan toplayırdılar. Misal üçün Qarabağ xanlığında "Şərbətçi pulu" deyilən bir vergi növü vardı. Buna görə, xan sarayında şərbət və s. içkilər hazırlamaq işinə nəzarət edən məmurunun xərci bu yolla qarşılanırdı.

Diş pulu

1920-ci illərin ortalarına qədər bir bölgəyə göndərilən ordu, əsasən həmin bölgədə yaşayan sakinlərin evlərində qalırdı. Ev sahibləri də onların payına düşən əsgəri doyurmaq məcburiyyətində idi. Həmin əsgər üçün çəkilən xərcə "diş kirəsi", "diş pulu" adı verilirdi.

Xanlıqlar dövründə bu xüsusi mükəlləfiyyət hesab olunurdu. Azərbaycana gələn Qızıl Ordu əsgərləri də uzun müddət xalqa məxsus evlərdə qalıblar.

Toy pulu

Toy pulu, Qarabağ xanlığında tətbiq olunan bir becar forması idi. Əgər ağa, yaxud onun övladları evlənirsə əhali ona bəxşiş pulu gətirdi. Bu pulun miqdarı 6 manat 40 qəpikdən başlayıb 10 manata çatırdı.

Maraqlıdır ki, kəndli öz ailəsində olan toya görə də ağalarına toy pulu verməli idi. Həmin pul da 10 manat təşkil edirdi.