Azərbaycanda alış-veriş saytlarının birində tutuquşu satışı elanları yerləşdirilib.  

Unikal.org-un əldə etdiyi məlumata görə, şəxsi əşyalarını və ya mülklərini satmaq üçün istifadə olunan saytda  avtomobil qiymətinə "Ara" tutuquşları satılır.  Elan sahibləri "Ara" tutuquşuları üçün 6000-8600 manat arasında dəyişən qiymətlər qoyub. 

Qeyd edək ki, Ara tutuquşları əlvan rəngli, pilləvarı quyruqlu, iri bədənli (uz. 100 sm-ədək, çəkisi 1600 q-a -dək) və iri dimdikli quşlardır. Çoxunun başının yanlarında tüksüz hissələr var. Rəngində cinsi dimorfizm yoxdur. 6 cinsi, 17 növü məlumdur. Əsl aranın 8 növü var. Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayır; bəzi növlərinin arealı çox məhduddur. Meyvə və toxumlarla, həmçinin bitkilərin vegetativ hissələri ilə qidalanır. Monoqamdırlar, ağac koğuşlarında yuvalayıb 2–3 yumurta qoyurlar. Kəskin səsləri var; insan nitqini təqlid edə bilir. Çox vaxt qəfəslərdə və volyerlərdə saxlanır. Qəfəsdə saxlanılan bəzi aralar çoxalır və 80 ilədək yaşayır. Bəzi növlərinin nəslinin kəsilmək təhlükəsi var. 4 növü BTMİ-nin "Qırmızı kitab"ına daxil edilib.