Bu gün Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeyin rəsmi açılış mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin üzvləri iştirak ediblər. Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları muzeydə nümayiş olunan eksponatlarla tanış olublar. Muzeylə tanışlıq başa çatdıqdan sonra AFFA prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və Avropa Liqası Finalı Bakı-2019-un səfiri Vəli Qasımov AFFA-nın U-12 Liqasında çıxış edən Azərbaycan Premyer Liqası klublarının müvafiq yaş qrupundan ibarət komandalarının üzvləri ilə xatirə şəkli çəkdiriblər.

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında təşkil olunmuş muzey 22 dekabr-7 yanvar tarixləri arasında fəaliyyət göstərəcək. Muzey 3 hissədən ibarətdir. Sərgidə iştirak etmək istəyən qonaqlar girişdə yerləşdiriləcək məlumat zonasında qeydiyyatdan keçərək, tədbir haqqında ətraflı informasiya əldə etmək imkanına malik olacaqlar. 

Muzey zonasında Avropa Liqası tarixini özündə əks etdirən eksponatlar - 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların və futbolçuların imzalı formaları, Avropa Liqasının rəsmi oyun topu, eləcə də Avropa Liqasının final oyunlarında istifadə edilmiş imzalı oyun topları sərgilənir. Bundan əlavə, muzeyin daxilində quraşdırılmış xüsusi monitorlarda Avropa Liqasının unudulmaz anları, final oyunlarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar, epizodlar nümayiş etdirilir.