Solikamsk mədənində baş vermiş faciə ilə əlaqədar Rusiyanın Perm vilayətində matəm elan olunub.

Unikal.org  xəbər verir ki, bu barədə jurnalistlərə vilayətin qubernatoru Maksim Reşetnikov məlumat verib. O deyib ki, faciə ilə əlaqədar dekabrın 24-də vilayətdə matəm elan edilməsi barədə sənəd imzalayıb.

Şaxtada həlak olan fəhlələrin kimliyi məlum olub. Hadisə yerində yaradılan qərargahdan jurnalistlərə bildiriblər ki, həlak olanların beşi Perm vilayətindən, üçü Başqırdıstandan, biri isə Krasnodar vilayətindəndir.

Xatırladaq ki, dekabrın 22-də Solikamsk mədənində baş vermiş yanğın nəticəsində 9 fəhlə tüstüdən boğularaq ölüb. Perm İstintaq Komitəsində hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.