Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim, akademik Tofiq Əliyevin anadan olmasının 90 illiyi münasibətilə elmi konfrans keçirilib.

Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademik Tofiq Əliyevin Azərbaycan xalqının yetirdiyi dahi şəxslərdən biri olduğunu bildirib. Görkəmli alimin əmək fəaliyyətinin böyük hissəsinin Azİİ ilə bağlı olduğunu deyən rektor Mustafa Babanlı onun bu ali məktəbin inkişafına verdiyi töhfələrdən danışıb.

Akademikin 37 monoqrafiya və kitab, 227 məqalə, 213 ixtiranın müəllifi olduğunu bildirən rektor Mustafa Babanlı onun rəhbərliyi altında 38 fəlsəfə doktoru və 5 elmlər doktoru hazırlandığını qeyd edib. Tofiq Əliyevin yubileyinin ADNSU-da keçirilməsinin önəmini vurğulayan rektor M.Babanlı alimin həyat və fəaliyyətinin bütün gənclər üçün örnək olduğunu bildirib.

Konfransda akademik Tofiq Əliyevə həsr olunmuş film nümayiş olunub.

Sonra ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin dekanı, dosent Səməd Yusifov görkəmli alim, akademik Tofiq Əliyevin həyat və fəaliyyəti haqqında təqdimatla çıxış edib.

AMEA-nın müxbir üzvü, t.e.d. İsmayıl İsmayılov çıxış edərək akademik Tofiq Əliyevin Azərbaycanda böyük bir məktəb yaratdığını və ölkədə elmin inkişafına böyük töhfə verdiyini bildirib.

Tofiq Əliyevin təkcə Azərbaycanda deyil, bütün SSRİ-də görkəmli alim kimi tanındığını deyən Sumqayıt Dövlət Universitetinin professoru, t.e.d. Nadir Kazımov onunla bağlı xatirələrini bölüşüb.

Silkway Holding-in prezidentinin müşaviri Tokay Qasımzadə akademik Tofiq Əliyevin hər zaman tələbələrinə qayğı ilə yanaşdığını, onlara kömək etmək üçün əlindən gələni etdiyini vurğulayıb. Tədbirin sonunda görkəmli alim, akademik Tofiq Əliyevin ailə üzvləri konfransın təşkil olunmasına görə başda rektor, professor Mustafa Babanlı olmaqla bütün universitet rəhbərliyinə öz minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Tofiq Məmməd oğlu Əliyev 1928-ci il iyunun 1-də Gəncə şəhərində anadan olub. Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsini bitirib (1951), 1954-cü ildə texnika üzrə fəlsəfə doktoru, 1967-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini, 1969-cu ildə professor elmi adını alıb. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. Tofiq Əliyev 1989-1993-cü illərdə ADNSU-nun rektoru vəzifəsində çalışıb.