2004-cü ildən başlayaraq İsmayıllıda Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə sosial yönümlü layihələrin həyata keçirilməsinə başlanılıb. Qafqazda ilk yaradılan “Yapon bağı” daxil olmaqla artıq 15 layihə istifadəyə verilib. Bunların sırasında təhsil, səhiyyə və içməli su təchizatı layihələri əsas yer tutur.

Unikal.org xəbər verir ki, növbəti Qrant Müqaviləsinin imzalanması məqsədilə Yaponiya dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori başda olmaqla nümayəndə heyəti İsmayıllıya gəlib. Rayon icra hakimiyyətinin konfrans zalında icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səfir və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mirdaməd Sadıqov səfiri, onun xanımı Noriko Katorini, onlarla birgə gələn qonaqları salamlayıb, İsmayıllıya gəlişlərindən məmnun qaldığını bildirib. Deyib ki, İsmayıllı Yaponiyanın İto şəhəri ilə qardaşlaşma müqaviləsi bağlayıb, intensiv xarakter daşıyan qarşılıqlı səfərlər bu müqaviləni daha da möhkəmləndirir.

İsmayıllıdan şagirdlər İtoya, oradan da yapon şagirdlər İsmayıllıya gəlirlər. Distant yolla qarşılıqlı surətdə yaponlar Azərbaycan dilini, azərbaycanlı şagirdlər yapon dilini öyrənirlər. Yaponiya səfirliyinin həyata keçirdiyi layihələr İsmayıllıda təhsilin, səhiyyənin, xalq sənətkarlığının inkişafına, içməli su təchizatının yaxşılaşmasına xidmət edir. Buna görə də səfirin timsalında Yaponiya dövlətinə təşəkkürümüzü bildiririk. 

RİH-nin başçısı Mirdaməd Sadıqov daha sonra İsmayıllının tarixi, iqtisadiyyatı, turizm imkanları, kənd təsərrüfatı, multikultural bir bölgə olduğu barədə müfəssəl  məlumat verib.
Yaponiya səfiri Teruyuki Katori mehribanlıqla, geniş tərkibdə qarşılandıqlarına görə rayon icra hakimiyyətinin rəhbərliyinə təşəkkür edib. Daha sonra deyib ki, müstəqilliyinə qovuşduqdan sonra Yaponiya səfirliyinin dəstəyi ilə Azərbaycanda 230 layihə həyata keçirilib. Onun 15-i İsmayıllının payına düşüb.

Həmin layihələri həyata keçirəndə daha çox ucqar ərazilərdə yaşayanların ehtiyaclarını nəzərə almışıq. Sosial xarakterli layihələrə daha çox üstünlük vermişik. Azərbaycanla Yaponiya arasında əlaqələrin yaranmasının 26 illik tarixi var. Bu əlaqələrin ilkin yaranma zamanında İsmayıllının xüsusi yeri vardır. Ona görə də burada daha çox layihə icra olunub. İsmayıllıya səfərə gələn yaponiyalı şagirdlər geri qayıdarkən səfirlikdə qonaq edilirlər. Onlar bu zaman ismayıllıdan böyük razılıqla, onlara qayğı göstərənlər barədə hörmətlə danışırlar.
Baçının və səfirin çıxışından sonra səfir Teruyuki Katori ilə tərəfdaş təşkilat olan “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin sədri Rasim Allazov arasında rayonun Sulut və Sumağallı kəndlərində tibb məntəqəsi tikintisi barədə qrant müqaviləsi imzalanıb.

Rayon icra hakimiyyətinin başçısı qonaqlara xalq sənətkarlığını əks etdirən hədiyyələr bağışlayıb. 

Qonaqlar “Yapon bağı”nda, Velosiped zavodunda olub, sonra Lahıc qəsəbəsinə gediblər.