Dekabrın 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində  vətəndaşların  növbəti qəbulu keçirilib. 

Unikal.org xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev və digər rəhbər işçilər vətəndaşları fərdi qaydada qəbul ediblər. 
Müraciətlərin əksəriyyəti məcburi köçkünlərin mənzil-məişət problemləri, məşğulluğun təmin edilməsi, vahid aylıq müavinətin verilməsi, kommunal xidmətlər və digər məsələlərlə bağlı olub. 
Məcburi köçkünlərə onların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli ilə bağlı aparılan dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini sosial məsələlər arasında ön plana çıxarıb. Dövlət başçısının tapşırığı ilə həyata keçirilən işlər nəticəsində bu kateqoriyadan olan vətəndaşların problemləri ən yüksək səviyyədə həllini tapıb, bu il yeni mənzillə təmin edilən məcburi köçkünlərin sayında rekord qeydə alınıb. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakı və Sumqayıtda ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırığının icrasını nəzarətdə saxlayır. Eyni zamanda qeyd edilib ki, növbəti ildə məcburi köçkünlərin problemlərinin həlli üçün dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulub. 
Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.