İranda rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun başçılığ etdiyi parlament nümayəndə heyəti Prezident Həsən Ruhani ilə görüşüb.
Milli Məclisdən Unikal.org-a verilən məlumata görə, O.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını İran Prezidenti Həsən Ruhaniyə çatdırıb. 

Söhbətdə bildirilib ki, iki ölkənin dövlət başçıları arasında son dövrdə keçirilən intensiv görüşlər və aparılan danışıqlar əməkdaşlığımızın daha da dərinləşməsi üçün yaxşı zəmin yaradır. Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Qeyd edilib ki, İran ilə Azərbaycan arasındakı münasibətlər tarixi köklərə və ənənələrə söykənir. 

Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparılıb. Həmin gün nümayəndə heyəti İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb. 

Görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, işçi qruplarının fəaliyyəti və qanunvericilik sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub. 

Səfər çərçivəsində Milli Məclisin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şəmxani və xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb. 

Bu görüşlərdə ölkələrimiz arasında həyatın müxtəlif sahələrində əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, regiondakı ictimai-siyasi vəziyyət barədə söhbətlər aparılıb. 

Parlament nümayəndə heyətinin İrana səfəri davam edir. Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Eldar İbrahimov, İsa Həbibbəyli, Hadi Rəcəbli, deputatlardan Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.