Azərbaycanda əlvan və qara metal tullantılarının qəbulunu həmin metalların emalı ilə məşğul olan və təhlükə potensiallı obyekt kimi qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə biləcəklər.

Unikal.org-un məlumatına görə, bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişikliklərin edilməsi təklif olunur.

Yeni dəyişikliklər əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətinin tənzimlənməsi, bu sahədə nəzarətin və şəffaflığın artırılması məqsədilə hazırlanıb.

Təkliflərə əsasən, əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınmasını “Texniki təhlükəsizlik haqqında” qanuna əsasən, dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər.

Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilir.

Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin əlvan və qara metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq, dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur.