Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, yanvarın 7-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təkcə 3 fakt üzrə çəkisi 15 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Belə ki, daxil olmuş məlumat əsasında Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Abşeron rayon sakini Samir Qəmbərovdan çəkisi 13,5 kiloqrama yaxın marixuana götürülüb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuş Həbib Məmmədzadənin üzərindən və evindən 1,3 kiloqramdan çox heroin aşkar edilərək götürülüb.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Müqtədir qəsəbə sakini Sergey Yudinin evindən 1,5 qram heroin, 10,7 qram tiryək və 450 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.