Bu gün 210 №-li  tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun Q.Qarayev prospekti 77, 79, 83, 85 saylı binaların sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Unikal.org xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 2 saylı sahə inzibati ərazi dairəsi nümayəndələri, rayonun xidmət sahələri rəhbərləri və rayon sakinləri iştirak edib.
Qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Səyyar qəbulda çıxış edən sakinlərin yaşadıqları binaların istiliklə təminatı və dam örtüklərinin təmiri, binaların pilləkən qəfəsələrinin təmiri, məhəllənin abadlaşdırılması, zirzəmilərin dezinfeksiya edilərək təmizlənməsi kimi məsələlərlə bağlı problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, müraciətlərdən bir qismi yerindəcə həll edilib, digərləri isə əlavə araşdırmalara ehtiyac olduğuna görə nəzarətə götürülərək, aidiyyəti təşkilatlara həll edilməsi üçün müvafiq konkret tapşırıqlar verilib. 
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edildiyini, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyinin gözlənilməsi ilə əlaqədar xüsusi qərargah yaradıldığını qeyd edib və yarana biləcək hər hansı bir halla bağlı problemin dərhal həll edilməsi üçün təsərrüfat xidmətləri işçilərinin və qərargah üzvlərinin xüsusi rejimdə çalışacaqlarını bildirib.