“Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Xəzər dənizi akvatoriyasında ifrat təhlükəli hidrometeoroloji hadisə müşayiət olunub. Yanvarın 18-də gündüz saatlarından başlayaraq küləyin mülayimləşməsi proqnozlaşdırılır. Xəzər dənizində yüksək dalğa yanvarın 18-də gün ərzində davam edəcək. Dəniz akvatoriyasında xəbərdarlıq öz qüvvəsində qalacaq”.

 Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Umayra Tağıyevanın sözlərinə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında axşama doğru 2, bəzi ərazilərdə isə 0 dərəcəyə yaxınlaşıb: “Respublikanın dağlıq rayonlarında 9-11, bəzi ərazilərdə 14 dərəcəyədək şaxta müşahidə olunur. Yanvarın 18-dən 19-na keçən gecə hava bir qədər ayaz olacaq. Dağlıq ərazilərdə yağıntılar kəsilsə də, havanın temperaturu daha da enəcək. Ayın 18-dən sonra növbəti iki-üç gün ərzində ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir. Havanın hərarəti iqlim normasına yaxınlaşacaq və mülayim küləklər əsəcək”.