Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb.

Bu barədə Unikal.org-a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, qurumun əməkdaşları elektrik enerjisinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüblər: "Hazırda Bakı şəhəri və bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin ediliblər. Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib".

Qurum rəsmisi əlavə edib ki, qəza təhlükəsi ehtimal edilən ərazilərdə qabaqlayıcı tədbirlər görülüb: "Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların ehtiyatı yaradılb. 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir".