Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin və Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində Ağgöl Milli Parkının ərazisinə 2010-cu ildən başlayaraq müxtəlif vaxtlarda 21 baş ceyran buraxılıb. Aparılan müşahidələr nəticəsində hazırda bu ərazidə ceyranların sayının 60-dan çox olduğu müəyyənləşdirilib. Monitorinqlər, aparılan tədqiqatlar sübut edir ki, ceyranların bu əraziyə yayılması və uyğunlaşması prosesi uğurla davam edir.

Unikal.org xəbər verir ki, Ağgöl Milli Parkının direktoru Loğman Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ceyranların təhlükəsizliyinin təmin olunması, onların mühafizəsi məqsədilə burada iki yeger evi – gözətçi məntəqəsi fəaliyyət göstərir. Təbliğat və xəbərdarlıq məqsədilə parkın ərazisində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış maarifləndirici və qadağanedici lövhələr qoyulub. Milli parkın yaxınlığındakı yaşayış məntəqələrində əhali arasında vaxtaşırı maarifləndirmə işləri aparılır. Görülən tədbirlər ceyranların sayının artmasına əlverişli şərait yaradır.

Loğman Mehdiyev qeyd edib ki, aprel-may aylarında ceyranların növbəti balalama dövrü başlayacaq.