Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 81-ci km-də ayrılan və Biləsuvar şəhərinə gedən avtomobil yolunun yenidən qurulması işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Unikal.org-a verilən məlumata görə, layihəyə uyğun olaraq yenidənqurma işlərinin sonuncu mərhələsində yol boyu 2 nöqtədə avtobus dayanacağı quraşdırılacaq, 118 ədəd müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılacaq, hərəkətin normal təşkili üçün 42 km uzunluğunda bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə nişanlanma xətləri çəkiləcək.

Tərtib olunmuş qrafikə əsasən işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub.

Qeyd edək ki, bu yolun yenidən qurulması bölgədə 41 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcək.