Misir Mərdanov xalası oğlunun biznesini ölkədən çıxarır

Allahverdi Dəmirov paytaxtdakı biznes obyektlərini satır, işin arxasında təhsil nazirinin dayandığı bildirilir

Təxminən bir il bundan qabaq az qala “media ulduzu”na çevrilmiş Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin müdiri Allahverdi Dəmirovla bağlı “Unikal”ın redaksiyasına yeni məlumatlar daxil olmaqdadır. Həmin informasiyaların təqdimatına keçməzdən öncə isə bu Allahverdi Dəmirovun kimliyi və bu günə qədərki fəaliyyəti ilə bağlı bəzi maraq doğuran nüanslara toxunmaq istərdik.

Öncə onu qeyd edək ki, Allahverdi Dəmirov təhsil naziri Misir Mərdanovun xalası oğludur və bu qohumluq ona TN-dəki ən gəlirli sahə hesab olunan tikinti sektoruna nəzarət etməsinə yardımçı olub. Eyni zamanda onun haqqında yayılmış xəbərlərdə bildirilir ki, A.Dəmirov həm də Misir Mərdanovun ən etibarlı biznes partnyorlarındandır və nazir bir çox “qara işlərinin” icrasını məhz ona tapşırır. Kənar biznes fəaliyyətini kənara qoysaq (bu məsələyə bir qədər sonra qayıdacağıq-red) və təkcə A.Dəmirovun indiyə qədər məktəb tikintisindən mənimsədiyi məbləği hesablamağa çalışsaq yəqin ki, fantastik rəqəmlərlə qarşılaşarıq.
Uzun illər ərzində bu sahəyə dövlət tərəfindən ayrılmış vəsaitlərin nəzarətdən kənar xərclənməsi hesabına bu gün A.Dəmirov özü üçün əsl “biznes imperiyası” yarada bilib. Hər bir vətəndaşa aydındır ki, Təhsil Nazirliyinin tikinti ilə bağlı keçirilən tenderləri (Ötən ildən etibarən məktəblərin tikintisi ilə bağlı səlahiyyətlər TN-dən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə verilib-red) formal xarakter daşıyıb, və burada hər hansı şəffaflıqdan söhbət belə gedə bilməzdi. Bununla bağlı ictimaiyyətə və mətbuata olduqca xəsis məlumatların verilməsinə baxmayaraq özəl kanallarla əldə etdiyimiz informasiyalar belə deməyə əsas verir ki, TN-nin bütün tenderlərinin qalibi məhz Allahverdi Dəmirovun idarəsi olub. Yeni tikilən məktəblərin avadanlıq sistemi də məhz bu adamların əlindən keçir. Mənbələr bildirirlər ki, son zamanlara qədər paytaxtda Allahverdi Dəmirova məxsus olan qeyri-rəsmi parta sexi fəaliyyət göstərib və bütün məktəblərə partalar bu sexdən aparılıb. Verilən xəbərlərə görə, bu partaların hər biri 90 dollara başa gəlir.
Tikintilərin dəyərinin gizli saxlanması və hətta bu barədə ünvanlanan suallara nazirliyin cavab verməməsi yalnız bir məqsəddən irəli gələ bilər ki, o da arada itən vəsaitlərin ictimaiyyətdən gizlədilməsidir. Orta məktəblərdə hər il şagirdlərdən dərs ilinin qurtardığı məqamda təmir pulu yığılır. Bunların kimlər tərəfindən həyata keçirildiyi də hamıya məlumdur. Ancaq maraqlısı burasındadır ki, təmirə ehtiyacı olan məktəblərə büdcədən də kifayət qədər maliyyə vəsaiti ayrılır. Maraqlıdır bəs görəsən, büdcədən təmirə ayrılan pullar hara xərclənir? Artıq mətbuat bu haqda da dəfələrlə yazıb. Bildirilir ki, nazirin qohumu kimi tanınan A.Dəmirov paytaxtda bir sıra iri obyekt və villalar tikdirib. Bu isə şübhələnməyə tam əsas verir ki, sözügedən obyektlər büdcədən ayrılan pulların hesabına başa gəlib. Əgər Novxanıda Azərbaycanda tayı-bərabəri olmayan “Olimpiks” və digər istirahət mərkəzlərinin A.Dəmirovun olduğu faktına inansaq, deməli mətbuatda yer alan xəbərlər heç də boşuna deyil. A.Dəmirovun özəl biznes strukturları ilə bağlı “Unikal”ı məlumatlandıran mənbənin sözlərinə görə onun bu qəbildən olan daha bir neçə istirahət mərkəzləri və irili-xırdalı onlarla digər ticarət obyektləri mövcuddur.
Mənbəmiz iddia edir ki, ötən il Təhsil Nazirliyində aparılan Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi ciddi yoxlamalar zamanı A.Dəmirovun korrupsiya əməllərinin faş olmasından sonra həmin obyektlərin bir qismi ehtiyyat tədbiri olaraq digər inanılmış şəxslərin adına keçirilsə də faktiki sahib yenə də A.Dəmirovdur.
Əldə etdiyimiz son xəbərdə isə bildirilir ki, A.Dəmirov Azərbaycandakı biznes strukturlarını tələm-tələsik sataraq biznesini MDB məkanına daxil olan digər respublikalara keçirməkdədir. Bununla bağlı redaksiyamıza daxil olan məlumatda vurğulanır ki, bir neçə obyekt artıq satılıb. Məsələn, A.Dəmirova məxsus olan və Novxanıda yerləşən “Olimpiks” İstirahət Mərkəzinin və Sabunçu rayonu ərazisindəki sement-beton zavodlarının böyük rəqəmlərlə ifadə olunan məbləğə satıldığı bildirilir. A.Dəmirova məxsus digər obyektlərin də satışa çıxarıldığı daxil olan məlumatlar arasındadır. Belə olan halda ortaya sual çıxır: A.Dəmirovu biznesini ölkədən çıxartmağa vadar edən səbəblər hansılardır.
Qəzet olaraq bununla bağlı kiçik bir araşdırma apardıq və jurnalist təhqiqatı zamanı bəzi qaranlıq məqamlara işıq salmağa nail olduq. Belə ki, adının çəkilməsini istəməyən Təhsil Nazirliyindəki mənbəmiz iddia edir ki, A.Dəmirovun biznesdə bu cür yerdəyişməsi əslində yaxın qohumu olan təhsil naziri Misir Mərdanovun planı üzrə reallaşır: “Güman ki, Misir Mərdanov hazırkı durumundan narahatdır və günün birində tutduğu postdan istefaya göndərilə biləcəyini yaxşı anlayır. Hər halda təhsillə bağlı alternativ dövlət strukturu olan TQDK-dan M.Mərdanova ünvanlanmış sərt ittihamların ara verməməsi də “yuxarılar”da nazirlə bağlı hansısa planın mövcudluğundan xəbər verir. Aydın məsələdir ki, M.Mərdanov da bundan xəbərsiz deyil və belə demək mümkündürsə “X” günü üçün tədarükə başlayıb. Bu baxımdan nazirin əsas biznes partnyoru sayılan A.Dəmirovun biznesini ölkədən çıxartmasında qəribə heç nə görmürəm”.

Orxan Həsənli