Azərbaycan Kooperasiya Universitetində Narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.

Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan Universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva bu istiqamətdə Kooperasiya Universitetində mütəmadi olaraq aparılan təbliğat işlərindən söz açıb. Çıxışı zamanı natiq gəncləri narkomaniya bəlasından uzaq olmağa, onları Azərbaycanın sosial yüksəlişi, parlaq gələcəyi naminə gənc nəslin nümayəndəsi olaraq sağlamlıqlarını qorumağa və pis vərdişlərdən uzaq olmağa çağırmışdır. Aygün Quliyeva bu kimi halların qarşısının alınmasının yeganə yolunun gənclərin daha yaxşı təhsilə yiyələnməsində gördüyünü bildirmişdir. 
Sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi polis polkovniki Adıgözəl Adıgözəlov çıxış etdi. O, çıxışında təmsil etdiyi qurumun gənclərlə apardığı xidməti fəaliyyətdən söhbət açdı, narkomaniyanın təkcə bir nəfəri deyil, yüzlərlə insanı ağuşuna almasını əsl fəlakət adlandırdı. 
Tədbirdə həmçinin BŞBPİ-nin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şirəli Babayev, BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi polis polkovniki Məryəm Ömərova, həmin bölmənin baş inspektoru polis mayoru Kəmalə Ələkbərova çıxış etdilər.
Sonda tələbələrin sualları cavablandırıldı.