Milli Məclisin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülən şəxslərin seçilməsi məsələsi müzakirə olundu.

Unikal.org-un xəbər verir ki, müzakirələr zamanı İTV-nin Yayım Şurasına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlının, Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarovun, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova və İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürüldü. Qeyd olundu ki, idman federasiyaları, dini konfessiyalar və yaradıcı təşkilatlar tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan 1 nəfər olmaqla, Milli Məclis tərəfindən 6 il müddətinə təsdiq edilməlidir.

Deputatlar Rəfael Hüseynov, Siyavuş Novruzov, Aqil Abbas, Hikmət Məmmədov, İlham Əliyev və digərləri çıxış edərək fikir və təkliflərini bildirdilər. 

Səsvermə nəticəsində İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova seçildilər.