Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə AMEA-nın vitse-rezidenti, akademik İradə Hüseynova, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, bölmə və büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri, BTEB üzrə AMEA-nın professorları və aidiyyəti məsələlər üzrə dəvət olunmuş əməkdaşlar iştirak ediblər.

Akademik Əhliman Əmiraslanov iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib və dinləniləcək məruzənin əhəmiyyətindən danışıb. Sonra AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun “İnsan furin zülalı geninin ko-ekspressiyası ilə terapevtik zülalların və vaksinlərin yaşıl bitki yarpaqlarında sintezi” mövzusunda elmi məruzəsi dinlənilib, məruzə ilə bağlı müzakirə aparılıb, müvafiq tapşırıqlar verilib, məruzənin AMEA Rəyasət Heyətinin növbəti iclasına tövsiyə olunması qərara alınıb. Tədbirdə bölmənin elmi müəssisələrinin 2019-cu il üçün doktoranturaya və dissertanturaya qəbul planına dair təkliflər səsləndirilib, müzakirələr aparılıb, qərar qəbul edilib. Ümumi yığıncaqda AMEA Rəyasət Heyətinin “AMEA-nın professoru” elmi adını almaq üçün növbəti müsabiqənin keçirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli, həmçinin AMEA Rəyasət Heyətinin “AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin 2018-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” 25 yanvar 2019-cu il tarixli qərarlarının aidiyyəti bəndlərinin icrası barədə müzakirələr aparılıb və müvafiq qərarlar verilib. Yığıncaqda Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Adil Əliyevin 80 illik, Genetik Ehtiyatlar İnstitutunun Quba Təcrübə Bazasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Dilşad Bayramovanın 70 illik yubileyləri ilə bağlı qərarlar qəbul edilib. Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən, biologiya elmləri doktoru, dosent Vahid Fərzəliyevə, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq muzeyinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rəna Mirzəzadəyə yubileyləri ilə bağlı, eləcə də BTEB-in elmi təşkilatlarının bəzi əməkdaşlarına Elm günü ilə əlaqədar Bölmənin Fəxri fərmanları təqdim edilib. Tədbirdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Aynurə Paşayevanın Cənubi Koreyaya, şöbə müdiri Samirə Rüstəmovanın Almaniyaya ezam edilməsi haqqında qərar qəbul edilib.