Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin (MHD)  əməkdaşlarına Finlandiya Meteorologiya İnstitutunun (FMİ) mütəxəssisləri tərəfindən  treninq keçirilib.

Unikal.org xəbər verir ki, treninqin keçirilməsində məqsəd MHD-nin fəaliyyətinin təkmilləşdirilməsi, idarəçilik sisteminin optimallaşdırılmasında  beynəlxalq təcrübənin öyrənilməsi və  tətbiq edilməsidir.
Treninqdə FMİ-nin ekspert xidmətinin direktoru Harri Pietarila Departamentin struktur bölmələrinin mütəxəssislərinə Finlandiyada istifadə olunan radar müşahidə sistemləri, proqnoz metodları, erkən xəbərdarlıq sisteminin iş prinsipləri və müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrlə bağlı geniş məlumat verib. 

Tədbirdə Milli Hidrometeorologiya Departamenti ilə  əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb və maraq doğuran suallar cavablandırılıb. 

MHD-də FMİ-nin mütəxəssislərinin dəstəyi ilə kadr hazırlığı üzrə fəaliyyətin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, Finlandiya Meteorologiya İnstitutu meteorologiya sahəsində dünyanın qabaqcıl xidmətlərindən biri olmaqla rəqəmsal modellərin, innovativ texnologiyaların geniş tətbiqi sahəsində fəaliyyət göstərir.