Azərbaycanda bu ilin birinci rübü ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 12,8 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Unikal.org  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.

Bu rəqəm 1987-ci ildən bu ilin aprelinə qədər olan dövr ərzində 43,0 faizə bərabər olub. Nazirliyin daimi nəzarəti və hərtərəfli təminatı sayəsində İİV infeksiyasının yayılması məhdud təmərküzləşmiş mərhələdə saxlanılıb.

2019-cu ilin 3 ayı ərzində 172 nəfərin İİV-ə yeni yoluxma halı qeydə alınıb. Onlardan 167-i (97,1 faizi) Azərbaycan vətəndaşlarında, 5-i (2,9 faizi) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 167 yerli sakinlərdən 114-si (68,3 faizi) kişi, 53-sı (31,7 faizi) qadındır. Bu dövr ərzində, QİÇS mərhələsinə 51 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib və İİV infeksiyasından 16 nəfər vəfat edib.

Cari ilin I rübü ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 22 nəfər (13,2 faizi) parenteral, 118 nəfər (70,7 faizi) heteroseksual, 8 nəfər (4,8%) homoseksual kontakt nəticəsində, 1 nəfər (0,6 faizi) şaquli yolla, 19 nəfərin (11,4 faizi) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2019-cu ilin 3 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 6345 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4474-i (70,5 faizi) kişi, 1667-i (29,5 faizi) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1672 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 984 nəfər olub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 43,0 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 45,8 faizində heteroseksual, 2,8 faizində homoseksual kontakt nəticəsində, 1,7 faizində anadan uşağa keçməklə, 0,02 faizində (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 6,7 faizində yoluxma yolu müəyyən edilməyib.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilib. Belə ki, 2006-cı ilin noyabrın 8-dən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5181 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 201 nəfərə müalicə 2019-cu ilin ilk 3 ayı ərzində başlanılıb.

Əvvəlki illərdə olduğu kimi, 2019-ci ilin I rübü ərzində mərkəz bir sıra beynəlxalq hesabatların tərtibi üzrə öz fəaliyyətini davam edib. Belə ki, bu dövr ərzində BMT-yə təqdim olunan GAM hesabatı və SPECTRUM proqramı üzrə hesabatların tərtibi yekunlaşıb və əlaqədar təşkilatlara göndərilib.

Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilib.