Maliyyə Bazarlarına Nəzarət Palatası və Koreya İnkişaf İnstitunun birgə təşkilatçılığı ilə “Azərbaycanda kapital və törəmə maliyyə alətləri bazarının fəaliyyəti və tənzimlənməsi” layihəsinin yekunlarına dair tədbir keçirilib. Azərbaycan Respublikasının Mərkəzi Bankının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Beynəlxalq Maliyyə Korporasiyasının (IFC), İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO), Asiya İnkişaf Bankının (ADB), Avropa İnkişaf və Yenidənqurma Bankının (EBRD), Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının, o cümlədən bank və investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş və “Bilik Mübadiləsi Proqramı”na (KSP layihəsi) həsr olunmuş tədbirdə Azərbaycan qiymətli kağızlar və törəmə maliyyə alətləri bazarlarının beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi mövzusu ətrafında müzakirələr aparılıb.

Unikal.org xəbər verir ki, tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan Palatanın İdarə Heyətinin üzvü vəzifəsini icra edən Asim Zülfüqarov qiymətli kağızlar bazarının inkişafına dair görülmüş işlərə və əldə edilmiş nailiyyətlərə dair məlumat verərək koreyalı ekspertlər ilə əməkdaşlıqdan və KSP layihəsinin yerli qiymətli kağızlar və törəmə maliyyə alətləri bazarına töhfəsindən bəhs edib. 

Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tong Op Kim ölkələr arası əməkdaşlığın yüksək səviyyədə olmasından, xüsusilə maliyyə sektorunda qabaqcıl təcrübələrin mübadiləsinin imkan və faydalarından danışıb. 

Daha sonra Koreyalı ekspertlərin tədqimatları dinlənilib, kapital bazarlarının inkişafı üzrə sual-cavab sessiyası və interaktiv müzakirələr keçirilib. Son olaraq layihənin meneceri cənab Tai-Hee Lee bağlanış nitqində iştirakçılara təşəkkürlərini bildirib.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası kapital və törəmə maliyyə alətləri bazarının inkişaf etdirilməsi üzrə Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən Bilik Mübadiləsi Proqramına (KSP layihəsi) qoşulmuşdur. KSP layihəsi çərçivəsində Azərbaycanda səhm, istiqraz və xarici valyuta bazarlarının və baza aktivi bu alətlər olan törəmə maliyyə alətləri bazarının inkişafı, habelə qiymətli kağızlarla klirinq və hesablaşma sistemlərinin təkmilləşdirilməsi nəzərdə tutulub.