“Gürcüstan-Azərbaycan sərhədində 14-ə yaxın hissə razılaşdırılmayıb və bu hissələrə Keşikçi Dağı Məbəd-Kompleksi yaxınlığında yerləşən ərazilər də daxildir”.

Unikal.org “report”a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan və Azərbaycan arasında Sərhədin Delimitasiya və Demarkasiyası üzrə Komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

Onun sözlərinə görə, mayın 23-ü və 24-də komissiyanın Bakıda keçirilən iclasında razılaşdırılmamış hissələrlə bağlı ətraflı müzakirələr aparılıb: “Sərhədin təxminən üçdə iki hissəsi razılaşdırılıb. Üçdə bir hissəsi isə razılaşdırılmamış olaraq qalır. Həmin sahələrə ekspertlərin birgə səfər etməsi ilə bağlı razılıq əldə olunub və səfərlərdən sonra komissiya nəticələri müzakirə etmək üçün iclas keçirəcək”.

L.Darsalia qeyd edib ki, Keşikçi Dağı Məbəd-Kompleksi yaxınlığında yol tikinti işləri Azərbaycan tərəfdə ölkənin nəzarəti altında olan ərazilərdə aparılıb və buna baxmayaraq bütün işlər dayandırılıb.

Daha əvvəl komissiyanın həmsədri bildirib ki, Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmamış sahələr üzrə hələ heç bir qərar qəbul olunmayıb.