İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağı keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyəti məsələlər üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər.

Öncə akademik Əhliman Əmiraslanov gündəlikdə əksini tapan məsələlər barədə məlumat verib, ilk olaraq Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinin həyata keçirilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məktubunu iştirakçıların diqqətinə çatdırıb. Kitabın hazırlanması ilə bağlı görüləcək işlərdən danışan bölmə rəhbəri işçi qrupun yaradılmasının zəruriliyindən bəhs edib.

Gündəlikdə yer alan növbəti məsələ Şəki Regional Elmi Mərkəzinin fəaliyyəti barədə olub. Bununla bağlı çıxış edən mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü elmi mərkəzin fəaliyyət istiqamətləri, tədqiqat sahələri, əldə olunan nailiyyətlər və planlaşdırılan layihələrdən söz açıb. İclasda bölmə institutlarının mərkəzlə sıx əməkdaşlıq əlaqələrinə dair müxtəlif sahələrdə tövsiyələr səsləndirilib.

Bölmənin növbəti qərarları ilə Botanika İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimov və Mərkəzi Nəbatat Bağının sektor rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayevin  Almaniyaya, eləcə də Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Cəmalə Eldarovanın ABŞ-a ezam olunmaları haqqında AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilib.

Bölmənin Ümumi Yığıncağında Botanika, Zoologiya, Dendrologiya və Torpaqşünaslıq və Aqrokimya institutlarının əməkdaşlarının müvafiq vəzifələrə təsdiqi barədə bir sıra kadr məsələlərinə də toxunulub.

Sonra Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Zakir Əliyev 70 illik yubileyləri, o cümlədən Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Adil Əliyev 80 illiyi ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif ediliblər.

Sonda BTEB üzrə “AMEA-nın professoru” elmi adına namizədlərin seçkisi keçirilib. Seçkilər nəticəsində bölmədən iki namizəd müəyyənləşdirilərək AMEA-nın Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.