Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaiti Azərbaycanda innovasiya fəaliyyəti, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili, ölkə daxilində və xaricində innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi və innovativ layihələrin (o cümlədən startapların) təşviq edilməsi, onların qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) ilə maliyyələşdirilməsi və innovasiya təşəbbüskarlığının təbliği sahələrinə yönəldiləcək.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nda əksini tapıb.

Agentliyin vəsaitinin istifadəsi formalarına investisiyalar, güzəştli kreditlər, qrantlar və Agentliyin Nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq digər formada maliyyələşmə daxildir.
İnvestisiya maliyyələşməsi hüquqi şəxsin nizamnamə kapitalına sərmayə qoyuluşu, hüquqi şəxsin səhmlərinin və ya digər qiymətli kağızlarının əldə edilməsi və innovativ layihələrin (o cümlədən startapların) vençur maliyyələşməsi formalarında təmin ediləcək.

Agentliyin vəsaitindən sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi müvəkkil banklar və bank olmayan kredit təşkilatları  vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçiriləcək. Vəsaitin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə hər il fevral ayının 1-dək Maliyyə Bazarlarına Nəzarət Palatası müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə Agentliyə müvafiq məlumatı təqdim edəcək. Müvəkkil kredit təşkilatları ilə Agentlik arasında vəsaitin ayrılması şərtlərini nəzərdə tutan müqavilə imzalanacaq. Kredit vəsaiti müqavilənin şərtlərindən asılı olaraq sahibkarlara tam və ya mərhələli şəkildə veriləcək. Müvəkkil bankların Agentlikdən cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 faizinədək ola bilər.

Sahibkarlıq subyektlərinə Agentliyin vəsaitindən aşağıdakı hədlərdə kredit vəsaiti verilir:

- 5 min manatdan 50 min manatadək – kiçikhəcmli kreditlər;

- 5 min 1 manatdan 1 milyon manatadək – ortahəcmli kreditlər;

- 1 milyon 1 manatdan 10 milyon manatadək – böyükhəcmli kreditlər.

Agentliyin vəsaiti hesabına hər bir sahibkarlıq subyektinə verilən kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10 milyon  manatdan artıq ola bilməz.

Agentlik 50 min manatdan yuxarı həcmdə kreditlərin verilməsini Nazirliklə razılaşdırmaqla həyata keçirməlidir.

Agentliyin kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən ediləcək:

- kiçikhəcmli kreditlər üçün – 3 ilədək;

- ortahəcmli kreditlər üçün – 5 ilədək;

- böyükhəcmli kreditlər üçün – 10 ilədək.

Agentliyin kreditlərinin illik faiz dərəcəsi 1 faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən ediləcək.

Agentlik fiziki və hüquqi şəxslərin qrant maliyyələşməsini müsabiqə əsasında həyata keçirəcək. Layihələrin maliyyələşdirilməsi Agentliklə müsabiqənin qalibi arasında bağlanmış qrant müqaviləsi əsasında həyata keçiriləcək.