Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib. 

Birinci vitse-prezident çıxış edərək bildirib ki, bu tədbirin paytaxtımızda keçirilməsini Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsi hesab etmək olar. 

“Bu il keçirilən tədbirin mövzusu bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu, dünyanın müxtəlif yerlərindən gəlmiş, qərar qəbul edən yüksək rütbəli şəxslər üçün təcrübələrini bölüşmək, çağırışları müzakirə etmək və BMT-nin 2030-cu il gündəliyinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün faydalı platformadır. Bu prosesdə dövlət qurumlarının xalqımıza yüksək keyfiyyətli xidmətlər göstərmək və innovativ dəyişikliklərdə iştirak etmək bacarığı xüsusi rol oynayır. Bu baxımdan, mən fürsətdən istifadə edərək, bu gün sizinlə səmərəli dövlət qulluğu sistemi sahəsində Azərbaycanın uğurları ilə bölüşmək istərdim”. 

Mehriban Əliyeva vurğulayıb ki, əsas hədəf və məqsəd yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir. 

“Vahid pəncərə” prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi ideyasının bu cür ərsəyə gəldiyini qeyd edən Mehriban Əliyeva ASAN adının Azərbaycan dilində, mənaca, həmçinin “asan” olduğunu vurğulayaraq deyib: 

“ASAN xidmət” Azərbaycan Prezidentinin təşəbbüsü ilə genişmiqyaslı dövlət idarəçiliyi islahatlarının bir hissəsi kimi 2012-ci ildə təsis edildi. Xalq isə dərhal bu islahatları alqışladı. “ASAN xidmət” Bakıda kiçik pilot layihə ilə fəaliyyətə başladı. Həmin vaxt xalqın tələbatlarına şəffaf, əlçatan, səmərəli və rahat şəkildə cavab vermək məqsədilə bir neçə dövlət xidmətləri göstərən qurum bir binaya toplaşdı. ASAN dərhal əhali arasında o qədər populyarlaşdı ki, biz, bu uğurun davamı olaraq, göstərilən xidmətlərin sayını və növünü çoxaltmaq fikrinə gəldik və “ASAN xidmət” Azərbaycanın rayonlarında da açılmağa başlandı”. 

Nisbətən az müddət ərzində “ASAN xidmət”in insanların tələbatlarını həll etməkdə dövlət xidmətləri sahəsində yeni mədəniyyəti təqdim edən milli brendə çevrildiyini deyən Birinci vitse-prezident hazırda 10 “ASAN xidmət”in rayonlarda, 5 “ASAN xidmət”in isə Bakıda fəaliyyət göstərdiyini bildirib. Planda bu ilin sonuna qədər əlavə 5 “ASAN xidmət”in rayonlarda, ikisinin isə Bakıda açmaq olduğunu diqqətə çatdıran Mehriban Əliyeva deyib: 

“Görülmüş işlərin həcmi baxımından sizə bir rəqəmi təqdim edəcəyəm. 2013-cü ildən etibarən ASAN mərkəzlərində ölkə üzrə 30 milyondan artıq ərizəyə baxılmışdır. Bu gün həmin mərkəzlərdə 320 dövlət və özəl xidmət göstərilir. 12 müxtəlif dövlət qurumu və bir qrup özəl şirkətlər bir bina daxilində “ASAN xidmət”də təmsil olunurlar. Çox qısa müddət ərzində “ASAN xidmət” dövlət ilə vətəndaş arasında münasibətlərdə mərkəzi yeri tutdu”. 

“Vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir”, - deyən Birinci vitse-prezident bu uğurun digər səbəbinin gənclərimizin fəal və geniş şəkildə iştirakı ilə bağlı olduğunu söyləyib. 

Mehriban Əliyeva qeyd edib ki, 2013-cü ildən başlayaraq 19 mindən artıq könüllü ASAN-ın işində iştirak edib. Onlardan 1100 nəfərinin müxtəlif “ASAN xidmət”lərdə tam ştatlı işlə təmin olunduğunu vurğulayan Birinci vitse-prezident vurğulayıb: 

“Biz istedadlı, yüksək motivasiyalı və yaradıcı gənclərimizin ölkənin müasirləşməsində necə yaxından iştirak etməsini görməkdən fərəh hissi duyuruq. Müsbət təcrübəmiz beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmişdir və 2015-ci ildə “ASAN xidmət” dövlət xidmətlərinin təchizatının təkmilləşdirilməsi kateqoriyasında BMT tərəfindən mükafata layiq görülmüşdür. Bizim ASAN ilə bağlı olan təcrübəmizin daha geniş regionda ən yaxşı təcrübə kimi izlənilməsinə görə fərəhlənirik”. 

Mehriban Əliyeva bildirib ki, bu ilin əvvəlində birinci bənzər mərkəz Kabildə açılıb, Əfqanıstandan olan 100-dən çox ekspertə ASAN tərəfindən təlim keçirilib. Birinci vitse-prezident yaxşı təcrübələrimizi başqa ölkələrlə paylaşmağı davam etdirməyə hazır olduğumuzu bildirdi, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında 10 anlaşma memorandumunun imzalandığını vurğuladı. 

Mehriban Əliyeva qeyd edib ki, biz bununla kifayətlənmirik və dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edirik. İnsanlara proaktiv elektron xidmətlərin göstərilməsi üçün Asan my-gov portalının yaradıldığını, bununla da vətəndaşların, həmçinin onlayn xidmətdən yararlandığını diqqətə çatdıran Birinci vitse-prezident 2016-cı ildə ölkəmizdə ASAN-ın uğur hekayəsinin davamı olaraq ABAD adı altında digər sosialyönümlü xidmətin fəaliyyətə başladığını xatırladıb. ABAD Azərbaycanın regionlarında kiçik ailə təsərrüfatı bizneslərinə yardım etmək və kiçik sahibkarlığı inkişaf etdirmək məqsədini daşıyan publik hüquqi şəxsdir. Bu layihənin reallaşmasında məqsədin ölkənin sosial və iqtisadi inkişafına vətəndaşların daha fəal və yaradıcı şəkildə cəlb edilməsi olduğunu, 400-ə yaxın üzvü olan ABAD-ın regionlarda işsizlik məsələsinin həlli üçün mühüm bir vasitəyə çevrildiyini bildirən Mehriban Əliyeva deyib: 

“Bu, vətəndaşlarımızın faydalanması üçün dövlət xidmətləri sahəsində islahatların aparılması üzrə Azərbaycanın təcrübəsinə dair kiçik bir xülasə idi. Müntəzəm paylanıla və araşdırıla bilən digər çoxsaylı nümunə və təcrübələrin mövcud olduğuna əminəm. Məhz buna görə Azərbaycan bilavasitə bu forumun nəticəsi olaraq Dövlət Xidmətlərinin Təchizi üzrə Müəssisələrin ASAN Assosiasiyasının yaradılması təşəbbüsünü irəli sürmüşdür. Ümid edirəm ki, bu yeni assosiasiya dövlət xidmətlərinin səmərəli təchizi üçün ekspertlər arasında dialoqu təşviq etmək məqsədi daşıyan əhəmiyyətli beynəlxalq bir alətə çevriləcəkdir. Bu, sözügedən sahədə bütün mövcud yaxşı təcrübələrdən istifadə etmək istəyində olanlara yardım edə bilər”.