Çernoqoriyada Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun səhmlərinə həbs qoyulub.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət “Sanata”, Montenegro Management Group” və “Casino Avala Budva”dan gedir. Xüsusilə “Avala” kazinosu Ələkbər İsmayılovun Çernoqoriyada ən çox ziyarət edilən məkanıdır. Kazino məşhur çimərliklərdən birinin yaxınlığında Budvanın tarixi hissəsində yerləşir.

Podqoritsa şəhər məhkəməsi VTB bankın vəkillərinin müraciətini təmin edib. Onlar Telman İsmayılovun banka olan borcuna görə Ələkbər İsmayılov əleyhinə iddia qaldırıblar.

Xatırladaq ki, T. İsmayılov bir neçə il əvvəl VTB-yə məxsus BM-bankdan ümumilikdə 230 milyon dollardan çox kredit götürüb. Götürülən kreditə görə İsmayılovun özü və nəzarətində olan “Tandum Ltd” Kipr şirkəti zamin durub. Ancaq borclular kredit ödəməyi tədricən dayandıraraq banka 15 milyard rubldan çox borclu qaldılar.

Xatırladaq ki, Telman İsmayılov Rusiyada müflis elan edilib. Yaxın vaxtlarda onun Rusiyadakı bütün daşınmaz əmlakının satışa çıxarılacağı gözlənilir.

2017-ci ilin noyabrında iş adamına qarşı Rusiyada 2 cinayət işinin təşkili ittihamı ilə iş açılıb və İnterpol xətti ilə axtarışa verilib.