Xırdalanda qətl törətməkdə təqsirləndirilən Bəşir Qəhrəmani, İlham Həsənov, Miskin Qasımov və Rəşad Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 9-na təyin edilib.
Qeyd edilir ki, Xəyal Paşayev bir qrup şəxslə İran vətəndaşı Bəşir Qəhramaninin şəriki olmuş Valeh Nəcəfovu oğurlayaraq onu hədələyiblər. Məqsəd Nəcəfovun Bəşir Qəhramaniyə olan 31 min dollar pulunu geri qaytarmasını tələb etmək olub. Onlar Nəcəfovu oğurlayaraq Manqal restoranına gətiriblər. Orada onu soyunduraraq döyüblər.
Ailə üzvlərinə və yaxınlarına işgəncə verəcəklərini deyərək onu hədələyiblər. V.Nəcəfov dəstə üzvləri ilə razılaşıb və evdə olan xanımına məxsus qızılları verəcəyini deyib.
Birlikdə evə gedərək evdən 15 min manat dəyəri olan qızıl zinət əşyaları götürüblər. Daha sonra pulun qalan hissəsini də hədə-qorxu ilə tələb ediblər. Pulu vermədikdə isə Nəcəfovu yenidən görüşə çağıraraq onu döyüblər. İttihamda yazılır ki, Nəcəfov görüşə silahla gəlib. Dəstə üzvləri tərəfindən döyülən Nəcəfov əlini silaha atıb. Bu zaman Xəyal Paşayev və digərləri silahı Nəcəfovun əlindən alıblar. Daha sonra isə silahla atəş açılıb və güllə Nəcəfovun baş nahiyəsinə dəyib. Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib. 
Hadisə 2017-ci ildə Xırdalan şəhərində baş verib. Atışmada 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib. Hadisə zamanı digər bir şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. Yaralını xilas etmək mümkün olub.
Bu iş üzrə B.Qəhrəmani, İ.Həsənov, M.Qasımov və R.Qurbanov da təqsirli bilinib. Onların barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxslər kriminal aləm üzvləridir.