Son 6 ayda mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 424 kriminal qrup zərərsizləşdirilib.

Unikal.org xəbər verir ki, bu sözləri 2019-cu ilin 6 ayında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bildirib.

Geniş məruzə ilə çıxış edən nazir V.Eyvazov hesabat dövründə daxili işlər və prokurorluq orqanları üzrə 12411 cinayətin qeydə alındığını, bu cinayətlərin 88,5 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlərin təşkil etdiyini qeyd edib. 

Qəsdən adam öldürməyə cəhd cinayətlərinin 12,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların 4,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin 8,1 faiz, xuliqanlıqların 25,1 faiz, ictimai yerlərdə baş vermiş cinayətlərin 35 faiz azaldığını, həmçinin cinayətlərin acılmasının yüksək olmaqla 83,1 faiz təşkil etdiyini, məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayınan 1852 təqsirləndirilən şəxsin tutulduğunu vurğulayıb. Bildirib ki, ötən ilin 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə ağır və xüsusilə ağır, şəxsiyyət əleyhinə olan, onlardan qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, dələduzluqların, soyğunçuluqların açılması xeyli yaxşılaşıb, keçmiş illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib. 

Nazir əməliyyat-axtarış tədbirləri ilə 424 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, qeyri-leqal dövriyyədən bütövlükdə 810 kiloqram narkotik vasitənin çıxarıldığını və 74 tona yaxın narkotik xassəli bitkinin aşkarlanaraq məhv edildiyini vurğulayıb. 

Ümumən, daxili işlər orqanlarının şəxsi heyətinin digər dövlət strukturları ilə sıx qarşılıqlı əlaqədə ölkədə həyata keçirilən asayişi mühafizə siyasətinin reallaşdırılmasına həmişə layiqli töhfələr verdiyini xatırladan Daxili İşlər naziri V.Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi bütün şəxsi heyət adından əmin edib ki, bu iş gələcəkdə də böyük əzmlə davam etdiriləcək, aidiyyəti qanunvericilik aktlarından irəli gələn vəzifələr, qarşıya qoyulmuş bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək. Əməkdaşlar və hərbi qulluqçular  sabitliyin, əmin-amanlığın, dövlətin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək, 2019-cu ili də yüksək göstəricilərlə başa vuracaqlar.