Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən ənənəvi qaydada təşkil olunan "AHK Impuls" görüşündə Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti iştirak edib.

Unikal.org xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasına üzv olan təşkilatların, beynəlxalq maliyyə institutlarının, o cümlədən Byenəlxalq Maliyyə Korporasiyasının, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) , xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin iştirak etdiyi bu tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, maliyyə bazarlarının müxtəlif sahələrində, o cümlədən bank sistemi, sığorta sektoru, qiymətli kağızlar bazarı və ödəniş sistemləri sahəsində həyata keçirilən islahatlar haqqında geniş məlumat verib.

Ötən müddət ərzində bütövlükdə bank sektoruna 1.8 mlrd. manat kapital inyeksiyası edildiyi, sektorun kapital adekvatlığı göstəricisi 24.2% təşkil etməklə, minimum kapital tələbini 2.4 dəfə üstələdiyi iştirakçıların diqqətinə çatdırılmışdır. Həmçinin, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” cənab İlham Əliyevin müvafiq Fərmanının icrası barədə məlumat verilərək bildirilib ki 31.05.2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ümumilikdə 600.1 milyon manat həcmində ödənişlər edilmişdir ki, bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edib.

Tədbir iştirakçılarına həmçinin aparılmış islahatlar nəticəsində əldə olunan nailiyyətlər, Daşınar Əmlakın Yüklülüyünün Reyestrin və Özəl Kredit Bürosunun fəaliyyətə başlamasının ölkəmizin “Getting Credit” (“Kredit Əlçatanlığı”) indikatoru üzrə mövqeyinə təsirini, 122-yerdən, 100 pillə irəliləyərək 22-ci yerdə qərarlaşması haqqında məlumat vermişdir. Bundan əlavə, Azərbaycan Respublikasında minoritar səhmdarların hüquqlarının qorunması göstəricisinə görə 8 pillə irəliləyərək 2-ci yerə qalxması bildirilib.

“AHK İmpuls” görüşündə iştirakçılarla maliyyə bazarının müxtəlif sahələri üzrə məhsuldar müzakirələr aparılaraq, investorların və sahibkarların çoxsaylı sualları cavablandırılıb.