Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azərenerji" ASC-nin birgə təşkil etdikləri "Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Unikal.org xəbər verir ki, tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərenerji" ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbirin əvvəlində "Azernerji" ASC-nin "Reabilitasiya proqramı" çərçivəsində görülmüş işlərdən bəhs edən qısa videoçarx nümayiş olunub. 

Qonaqları salamlayan "Azərenerji" ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev bildirib ki, ötən ilin payızından başlayaraq "Azərenerji" ASC tərəfindən “Reabilitasiya Proqramı”na start verilib və Mingəçevirdə yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyası da daxil olmaqla ölkədəki 12 elektrik stansiyasında, sistem əhəmiyyətli 17 yarımstansiyada 100-dən artıq təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır: “35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir".

Vüqar Əliyev həmçinin bildirib ki, 2018-2021-ci illəri əhatə edən "Reabilitasiya proqramı"nın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerjisistemin etibarlığını və dayanaqlığını təmin edərək inkişafa nail olmaqdır: "Reablitasiya proqramı çərçivəsində 800 MVt-dan artıq “itirilmiş” gücün bərpası planlaşdırılıb".

Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli media nümayəndələrini Milli Mətbuatın yaranmasının 144-cü ildönümü münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. 

Vüqar Səfərli bildirib ki, 2019-cu il mayın 10-dan iyulun 5-dək davam edən birgə fərdi jurnalist yazıları müsabiqəsinə 25 KİV-dən 35 yazı təqdim edilib, yazılar üç nəfər ekspert tərəfindən qiymətləndirilib. İcraçı direktor yekun nəticələrə əsasən, yazı müəlliflərindən 6 nəfərinin əsas, 10 nəfərinin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb. 

Sonra qaliblərə fəxri diplom və pul mükafatları təqdim olunub.