Bakı şəhər İcra Hakimiyyəti tərəfindən daha əvvəllər təşkil edilmiş 423 parklanma yeri Bakı Nəqliyyat Agentliyi tərəfindən təhvil alınıb. Hazırda Bakı Nəqliyyat Agentliyi tərəfindən parklanmanın idarə edilməsi üçün zəruri olan komponentlərin təkmilləşdirilməsi işləri davam etdirilir.

Məsələnin aktuallığını nəzərə alaraq Unikal.org nəqliyyat eksperti Hüseyn Abdullayevə müraciət edib. Ekspert paytaxtda parklanma ilə bağlı sullara aydınlıq gətirib.

 - Ödənişli parkinqlər böyük şəhərlərdə nəyə görə olur?

- Parklanma sahəsi hər bir iri şəhərdə məhdud resursdur. Tələb isə daha böyükdür. Yəni, bu sistem tək Bakıda deyil, dünyanın bütün iri şəhərlərində tətbiq edilir. Belə olduğu təqdirdə şəhərlər o qiyməti təıtbiq edirlər ki, tələbi tənzimləyə bilsinlər. Digər tərəfdən isə yer və sahə məsələsi iri şəhərlər üçün problemə çevrilib. Böyük şəhərlərdə boş sahələr azdır. Küçə parkinqi böyük sahə tələb etdiyi üçün məhdud resurs olur. Ona görə buna qiymət tətbiq etməklə bu tələbi tənzimləmək olur. Burada pul qazanmaq niyyəti ikinci dərəcəli amildir. Biz görürük ki, Bakı şəhərində qiymət qoyulmayanda və qiymət kifayət qədər aşağı olanda parkinq yerləri çatışmır.Bu da çox saylı qanunsuz parklanma halları yaradır.

 - Parkinqlərin qiyməti necə müəyyən olunmalıdır?

Ümumiyyətlə küçə parkinqi qapalıdır. Buna görə də küçə parkinqi yeraltı saxlamadan daha bahalı olmalıdır. Bu da ona görə edilir ki, insanlar daha çox küçə parkinqinə üz tutur. Küçədən kənar parkinqlərdə qiymət aşağı olmalıdır. Çünki şəhər küçələrində uzunmüddətli parklanma olmur. Məsələn mən işə gedirəmsə mən maşının 9 saat küçədə dayanacaqsa, bu şəhər üçün arzuolunmazdır. Çünki avtomobil orada dayanır, yer tutur. Ona görə qiymət baha olmalıdır ki, mən küçədən kənar yerdə maşınımı saxlayım, və yaxud da avtomobildən istifadə etməyim. Parklanma siyasəti həm də onu nizamlayır ki, insanlar gündəlik səfərləri üçün avtomobillərdən daha az istifadə etsinlər. Ödənişli parkinq bu məqsədə qulluq edir.

 - Hazırda parklanma ilə bağlı sürücülər ödəniş etməlidirlərmi?

Qanuna görə Bakı şəhərində parklanma pulsuzdur. Buna görə qiymət tətbiq olunmamalıdır. Küçələrdə dayanıb, avtomobil saxlamağa görə pul tələb edən şəxslər qanunazidd hərəkət edirlər. Bakı Nəqliyyat Agentliyi hələ ki, parkiqə görə qiymət təyin etməyib. Məndə olan məlumata görə təkliflər hökumətə təqdim olunub. Hökümət hələ ki, qərar qəbul etməyib.

- Qiymətlər necə müəyyənləşdirilməlidir?

Qiymətə gəldikdə isə tələbatın çox olduğu yerlərdə qiymətlər daha baha, tələbatın az olduğu yerlərdə isə qiymət ucuz olmalıdır. Qiymət elə təyin olunmalıdır ki, həmişə boş yer olsun. Hətta bəzi ölkələrdə dinamik qiymətləndirmə var. Xüsusi sistem məşğul olan parklanma yerlərini qiymətləndirir. Bundan sonra qiymət tətbiq edilir.Ərazi boş olsa, qiymət düşür, yer dolu olsa qiymət artır. Müasir İT sistemlərlə bunu da tətbiq etmək mümkündür.

 - Tariflər zonalar üzrə müəyyən olunmasına münasibətiniz necədir?

Şəhərin zonalara bölünməsi də dediyim bu amillərdən asılıdır. Şəhərin boş olan ərazilərində parklanmanı pulsuz da etmək olar. Əraziləri mərkəzdən olan uzaqlıq məsafəsinə görə bölmək doğru olmaz. Şəhərdən uzaq elə yer ola bilər ki, ora tələbat böyükdür. Məsələn Nizami rayonu ərazisində 8-ci kilometr bazarı adlanan ərazinin yaxınlığındakı duracaqlara tələbat çoxdur. Orada qiymət mərkəzi küçələrdə olan tariflərlə hesablanmalıdır. Bir sözlə zona ərazidən deyil, tələbatdan asılı olmalıdır.

Famil Fərhadoğlu