Milli Məclisin deputatı, Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun Ağdaş rayonunda seçiciləri ilə keçirdiyi görüşləri davam edir.

Unikal.org-un məlumatına görə, rayonun Yuxarı Ləki kəndində baş tutan növbəti görüşdə millət vəkili geniş və əhatəli çıxış edərək son 15 il ərzində ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan - həyata keçirilən beynəlxalq əhəmiyyətli və eləcə də respublika miqyaslı layihələrdən söz açdı. Bütün görülən işlərin ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu  siyasətin nəticəsində ərsəyə gəldiyini qeyd edən Cavid Osmanov cənab Prezidentimizin yürütdüyü daxili və xarici siyasət haqqında, ölkəmizdə həyata keçirilmiş islahatlar və xüsusi ilə də vətandaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsində imzaladığı fərman və sərəncamlar barədə geniş məlumat verdi. İnsanların sosial rifahının yüksəldilməsi üçün atılan bu addımların ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını vurğuladı. Cavid Osmanov bildirdi ki, Prezidentimiz cənab İlham Əliyevin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. Respublikamızda əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Ölkəmizin sosial-iqtisadi cəhətdən inkişafı davamlı xarakter daşıyır. İslahatların ardıcıl olaraq həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir. Millət vəkili bildirdi ki, Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf strategiyasına uyğun olaraq bundan sonra aparılacaq islahatlar respublikamızın beynəlxalq reytinq agentliklərinin hesabatlarında daha yüksək pillədə yer almasını təmin edəcəkdir. 

Millət vəkili Cavid Osmanov görüş iştirakçıları ilə apardığı fikir mübadiləsi zamanı onu da bildirdi ki, Azərbaycanın müstəqil dövlət olaraq mövcudluğu və davamlı inkişaf mərhələsi keçməsi anti-Azərbaycan dairələrin narahatlığına səbəb olur. Ölkədən kənarda yaşayan bəzi mühacirlər - Orduxan Teymurxan, Sevinc Osmanqızı və bu qəbildən olan digərləri Azərbaycanın əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Onlar satqınlıq edirlər, erməni lobbisindən, Azərbaycanı sevməyən qüvvələrdən dəstək alırlar. Çalışırlar ki, Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salsınlar. Cavid Osmanov qeyd etdi ki, həmin şəxslər ölkədə aparılan uğurlu iqtisadi siyasəti görməzdən gəlirlər, daim qarayaxma kampaniyası aparmaqla, böhtan atmaqla məşğuldurlar. Sosial şəbəkələr vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olan söyüş və təhqirlər səsləndirirlər. Bu cür satqınları Azərbaycan xalqı lənətləyir, əməllərini pisləyir. Azərbaycan hər hansı bir beynəlxalq uğura imza atan kimi onlar hərəkətə keçirlər, əks-təbliğat aparırlar. Bunlarla bərabər, ölkə daxilində eyni mənbədən qidalanan radikal müxalifət də var. "Milli Şura" adlandırılan təşkilat, xüsusilə Cəmil Həsənli, Gözəl Bayramlı, Əli Kərimli kimi şəxslər ölkə əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Onlar Azərbaycanda həyata keçirilən hər bir islahatı ləkələməyə çalışırlar. Bu il Prezident İlham Əliyev sosial rifahın yaxşılaşdırılması üçün sərəncamlar imzaladı. Radikal müxalifət hər vəchlə bu müsbət addımı gözdən salmağa səy göstərir, aparılan islahatlarda öz təsir güclərinin olduğunu zənn edirlər. Bir sözlə, bu şəxslər yalan danışmağa, hər şeyə mənfi münasibət göstərməyə öyrəşiblər. Millət vəkili qeyd etdi ki, ölkəmizə qarşı müxtəlif formalarda, xüsusilə də sosial şəbəkələrdə belə qarayaxma kampaniyaları aparmağa cəhd edən şəxslərə zamanında lazimi cavablar verilməlidir.

Görüşdə çıxış edən kənd sakinləri Müşviq Hüseynov, Zeynəb Talıbova, Nizami Abdullayev, Nəzifə Mahmudova, Məbud Məmmədov, Çingiz Hacızadə, Oulu Nəbiyev, Sevinc Cabbarova, Valeh Lətifov, Ulduzə Abbasova və Vasib Əliyev bildirdilər ki, cənab Prezidentimiz İlham Əliyevin gördüyü bütün işlər xalqımızın firavan yaşaması və ölkəmizin daha da çiçəklənməsi naminə həyata keçirilir. Çıxış edən görüş iştirakçıları sabitlik, əmin-amalıq şəriatində yaşadıqları üçün cənab İlham Əliyevə minnətdar olduqlarını, ağdaşlıların hər zaman Prezidentimizə dəstək olduqlarını və bundan sonra da dəstək olacaqlarını, onun ətrafında sıx şəkildə birləşəcəklərini bəyan etdilər.

Sonda Cavid Osmanov ona ünvanlanan sualları cavablandırdı, seçiciləri narahat edən məsələləri dinləyib müraciət olunan məsələlərlə bağlı müzakirələr apardı. Bir sıra məsələlər yerindəcə həll edilərək seçicilərə müvafiq izahat və tövsiyələr verildi. Millət vəkili qeyd edilən məsələlərin, həmişə olduğu kimi, ən qısa müddətdə baxılması üçün aidiyyatı qurumlara müraciət olunacağını və qaldırılan məsələlərin müsbət həllinə çalışılacağını bildirdi.