Kürdəmirdə ögey oğluna əzab vermə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Unikal.org xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2018-ci ilin iyul ayının əvvəlində Kürdəmir rayonu, Muradxan kəndi ərazisində baş verib. Həmin kənddə yerləşən fermada A.Abdullayevlə ər-arvad münasibətində yaşadığı S.Yaqubovanın oğlu, 2013-cü il təvəllüdlü Murad Yaqubov kibritlə ot tayasını yandırmaq istəyib. 

Buna əsasəbləşən A.Abdullayev ögey oğlunun sinəsinə sillə və yumruqla bir neçə dəfə zərbə vurub. Daha sonra A.Abdullayev M.Yuqubovun dəcəllik etdiyini əsas gətirərək, onu bir neçə dəfə döyüb və azyaşlıya anasının gözü önündə əzab verib. İyulun 21-də isə M.Yuqubov aldığı xəsarətlər nəticəsində həmin fermada ölüb.

A.Abdullayev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və barəsində əzab vermə və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.