Milli mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında sorğu keçirilib.

PJB sədrinin müavini Aqil Aslan unikal.org-a bildirib ki, sorğuda 52 jurnalist iştirak edib.

İştirakçılar 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən sorğuda Zərdabiçilik ənənələrinin qorunması, irs-varislik, peşəkarlıq və s. prinsiplərinin mühafizəsi kimi meyarlardan çıxış edərək, qalibləri – “22 iyul varisi” adına layiq olanları - müəyyənləşdiriblər.

Respondentlərin rəyi nəticəsində Azərbaycanda “22 iyul varisi” olan televiziya, agentlik, sayt, qəzet, jurnal, radio, o cümlədən qəzet, televiziya və sayt jurnalistləri müəyyənləşib.

Beləliklə, “22 iyul varisi” adına layiq görülən media qurumları və jurnalistlərin siyahısını təqdim edirik:

Telekanallardan Azad Azərbaycan Televiziyası (ATV), agentliklərdən Trend, qəzetlərdən “Türküstan”, saytlardan “Moderator.az”, jurnallardan “Ulduz”, radiolardan “ASAN RADİO”, telejurnalistlərdən REAL TV-nin əməkdaşı Ləman Əliəşrəfqızı, qəzet jurnalistlərindən “Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı, sayt jurnalistlərindən “Lent.az”ın əməkdaşı Səbuhi Məmmədli “22 iyul varisi” nominasiyasının qalibi olublar.

Media qurumlarını və həmkarlarımızı təbrik edirik!