Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırlması mərasimi keçirilib.
 
Unikal.org xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, dövlət rəsmiləri, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.
 
Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqənin 2019-cu il iyunun 8-dən iyulun 12-dək Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirildiyini, müsabiqəyə 56 KİV-dən 142 yazının təqdim edildiyini bildirib.
V.Səfərli bildirib ki, müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamət üzrə qaliblər elan edilib, ümumilikdə 111 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.
 
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, bu il Azərbaycan mətbuatının 144-cü ildönümü qeyd olunur: “Mətbuat tariximizin son 27 ili sizin iştirakınızla yaradılıb. Azərbaycan mediasının inkişafı Azərbayanın bu günkü iqtisadi, sosial, siyasi, mədəni inkişafına tam adekvatdır. Bəzən təəssüflər olusn ki, Azərbaycan jurnalistikasının da opponentləri tapılır və bizim bu günkü inkişafımızı inkar etməyə çalışırlar. Amma bu bir reallıqdır ki, müstəqil Azərbaycan mediası 27 illik tarixində təkcə ölkəmizdə deyil, dünyada Azərbaycanı layiqinə təmsil etmək gücünə malikdir, təmsil edir və təmsil etməkdə davam edəcək”.
 
Ə.Həsənov qeyd edib ki, müstəqil media tariximizdə mühüm xidmətləri olan Ümummilli lider Heydər Əliyevi bu günkü mətbuat günündə xatırlamaq hamının haqqıdır: “1998-ci ildə Ümummilli liderin fərmanı ilə Azərbaycan mediası üzərində bütün senzura strukturları, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi və Azərbaycan mediasına özünün ictimai tənzimləniməsini yaratması üçün şərait yaradıldı. Bu gün jurnalistlərin özlərinin yaratdığı Mətbuat Şurası mətbuatın yaradıcılıq problemlərini, o cümlədən jurnalistlərin sosial-iqtisadi problemlərini araşdırır, dövlət qarşısında bu və ya digər təşəbbüslərlə çıxış edir. Dövlət tərəfindən həmin təşəbbüslərin ən mütərəqqilərinə dəstək verilir”.
 
Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, əgər Həsən bəy Zərdabi Azərbaycan Milli Mətbuatının təməlini qoymuşdusa, Prezident Heydər Əliyev Azərbaycanda azad medianın banisi kimi tarixə düşdü, media üzərindəki tənzimləmə və senzura mexanizmlərini ləğv etdi: “Beləliklə də azad medianın formalaşması üçün bütün lazımi şəraiti yaratdı. Ümummilli liderin media siyasəti 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən dönmədən ardıcıl və prinsipial şəkildə davam etdirilir. Medianın bugünkü inkişafında Prezident İlham Əliyevin xüsusi payı, xidmətləri var.  2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı Azərbaycan mediasına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi. Bu Konsepsiyanı həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu müddət ərzində bu və ya digər formada Azərbaycan mediasına 50 milyon manata yaxın yardım göstərilib. Qəzetlərin uzun müddət yığılmış borcları da dövlət tərəfindən bağlanıb”.
 
Ə.Həsənov nəzərə çatdırıb ki, Azərbaycan dövləti hesab edir ki, bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır: “Mətbuat mədəniyyətin bir hissəsidir. Azərbaycan mediasının inkişafı Azərbaycan dövlətinin inkişafına tam adekvatdır. Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda teatr, incəsənət, elm, təhsil və digər sahələr mətbuatdan daha çox inkişaf edib. Mədəniyyət sahəsinin bütün sahələri kimi mediamız da inkişaf edir. Azərbaycan dövləti mədəniyyət xadimlərinə də, idmançısına da, tetar xadimlərinə də, jurnalistlərə də ev verir. Ona görə də buna qarşı qısqanclıq, hansısa fərqli fikir formalaşdırmaq sağlam məntiqin, sağlam düşüncənin nümunəsi deyil ”.
 
Daha sonra müsabiqə qalibləri mükafatlandırılıb.