Çağırışçılar və həqiqi hərbi xidmət keçən hərbi qulluqçular icbari narkoloji müayinədən keçiriləcək.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənın “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2019-2020-ci illərdə narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə çağırışçıların və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etməlidir.