Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib.  

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, Tural Kərimli İnnovasiyalar  Agentliyinin İdarə Heyətinin sədri, Fariz Quliyev və Ayan Kərimova İdarə Heyətinin üzvləri təyin olunub. 

Qeyd edək ki, T. Kərimli 1981-ci ildə anadan olub. O, Qafqaz Universitetində beynəlxalq hüquq üzrə bakalavr və magistr təhsili alıb. Təhsilini Harvard Universiteti Con Kennedi Dövlət İdarəçilik Məktəbində İnvestisiya qərarları və maliyyə davranış iqtisadiyyatı sahəsi üzrə davam etdirib. Bundan başqa,  T. Kərimli 2009-2017-ci illərdə “İSRA” Şirkətlər Qrupuna rəhbərlik edib. 2018-ci ilin yanvar ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışıb. 

Onu da qeyd edək ki, bundan əvvəl Fariz Quliyev Azərbaycan Dövlət İqtisad Universitetinin  UNEC  Biznes Məktəbində baş müəllim,  Ayan Kərimova isə “Yüksək Texnologiyalar Parkı” MMC-nin Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.