Bu gün saat 00.18-də Böyük Kəsik-Bakı sərnişin qatarı Dəliməmmədli stansiyasında ləngiyib.      

“Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Unikal.org-a açıqlamasında bildirib ki, Böyük Kəsik-Bakı qatarı Dəliməmmədli stansiyasında  ləngiməli olub. Belə ki, vaqondakı sərnişinlərdən biri -1978-ci il təvəllüdlü Elşən Tanrıverdi oğlu Hüseynovun vəziyyəti pisləşib. Bu səbəbdən qatarın hərəkəti dayandırılıb və bələdçilər tərəfindən hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb.

Lakin buna baxmayaraq Elşən Hüseynov dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, mərhum uzunmüddətdir  xəstəlikdən əziyyət çəkirmiş. 

Mərhumun nəşi hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verildikdən sonra, qatar saat 02:02-də təyinatı üzrə yola salınıb. Onu da bildirək ki, hadisə nəticəsində Böyük-Kəsik-Bakı sərnişin qatarı 1 saat ləngimə ilə Bakı sərnişin stansiyasına çatıb.

Elşən Hüseynovun doğmalarına,  Allahdan səbr diləyirik!