20 Oktyabr 2019
19 Oktyabr 2019
Bakı sakinlərinə şad xəbər - Bu çimərlik tullantılardan təmizləndi
Bakı sakinlərinə şad xəbər -Bu çimərlik tullantılardan təmizləndi CƏMİYYƏT 13:02 2019-08-09

“Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında iməcilik keçirilib.

Unikal.org xəbər verir ki, aksiyada ETSN əməkdaşları, YAP nümayəndələri, deputatlar, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər iştirak ediblər.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov təmizlik aksiyasının əhəmiyyətindən danışıb.

O, Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu siyasətdən bəhs edib, dövlət başçısının ekoloji məsələlərə xüsusi diqqət yetirdiyini bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib ki, tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir: “Prezident İlham Əliyev keçirilən bütün müşavirələrdə hər zaman ekologiya və ətraf mühit məsələlərinə xüsusi diqqət yetirir. Hər bir ölkənin gələcəyi insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, sağlam olması ilə əlaqədardır. Bu gün bu aksiyada iştirak edən insanları Xəzərin çirklənməsinin qarşısını almaq birləşdirir. Azərbaycan Xəzərətrafı ölkələr arasında yeganə ölkədir ki, Xəzərin mühafizəsinə kompleks yanaşır, Xəzər Ekoloji Monitorinq İdarəsi fəaliyyət göstərir”.

Nazir müavini dəniz ətrafındakı iaşə obyektlərinin sahiblərinə də müraciət edib: “Təmizləyici qurğuların qurulması vacibdir. İş adamlarının bir qismi iaşə obyektlərində belə qurğular quraşdırıb, quraşdırmayanlara da müraciət edirik ki, belə qurğular quraşdırsınlar. Nazirlik olaraq təmizlənməmiş bir damcı suyun belə Xəzərə axıdılmasının əleyhinəyik. Çimərliyə gələnlər də yemək qalıqlarını dənizə atmasınlar”.

Tədbir incəsənət xadimlərinin çıxışı ilə davam edib.

Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədi ilə baş tutan aksiyada 10 hektar ərazi tullantılardan təmizlənib, tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağı boyunca bu cür təmizlik aksiyaları keçirilib.

Xatırladaq ki, 2006-cı il avqustun 12-dən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il avqustun 12-si “Xəzər günü” kimi qeyd olunur.